Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Babanın Kafesi” adlanan restoranda müştərini döyən kababçı cəzalandırılıb.
Qaynarinfo-nun məlumatına görə, sözügedən kafedə kababçı işləyən 1982-ci il təvəllüdlü Tural Hüseynov (soyad şərti) orada müştəri qismində əyləşən Hikmət adlı şəxsi döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinatyət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.
Məlum olub ki, zərərçkəmiş Hikmət canlı musiqi dinləmək və yeyib-içmək üçün kafenin səhərə kimi işləməsini tələb edib. Kababçı Tural isə ona öz etirazını bildirib və yumruqla gözünün sol tərəfindən vuraraq xəsarət yetirib, sonra isə əlləri ilə onu itələyərək yerə yıxıb.
Məhkəmənin qərarı ilə Turala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.