Əməli təsdiq olunarsa, azyaşlı övladını dənizə ataraq ölümünə səbəb olan şəxsi 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib. O qeyd edib ki, şəxsin əməli öz təsdiqini taparsa və əməli onun özünün törətdiyi sübut olunarsa, o, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə mühakimə olunacaq:
“Cəza təyin olunarkən şəxsin təbii ki, əvvəllər cinayət törədib törətmədiyi, cinayəti hansı üsulla həyata keçirməsi, həmçinin cinayəti hansı məqsədlə törətməsi də rol oynayacaq. İstənilən halda, həmin şəxsi ən az 14 ildən yuxarı cəza gözləyir.
Əgər digər cinayətlərdə iştirakı da aşkarlanarsa, həmçinin cinayəti törədərkən hansı üsullardan istifadəsi kimi hallar cəzasını ağırlaşdıra bilər.
Əməli sübuta yetirilərsə şəxs ömürlük azadlıqdan məhrum etmə ilə də cəzalandırıla bilər”.
Qeyd edək ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində 1 yaşlı qız uşağının meyiti aşkar edilib. Körpəni atası evdən gəzdirmək adı ilə çıxarıb.
Araşdırma zamanı məlum olub ki, uşağı 1984-cü il təvəllüdlü atası Yeşil Ahmet Turan Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində dənizə atıb. O, uşağı dənizə atmazdan əvvəl onun paltarına daş və qum doldurub.
Nigar İxtiyarqızı