Azərbaycanda tender sahəsində əksər dövlət qurumlarının iştirakında qəribə bir şey yoxdur. Qanunla bütün dövlət qurumları öz ehtiyaclarını qarşılamaq üçün dövlət satınalmaları yolu ilə bunu həyata keçirməlidirlər. Tribunainfo.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi önəmli strukturlarından biri olan “Azərpoçt” MMC də bu sahədə mövcud olan qurumlardandır.
Açıq mənbələrdə qeyd edilir ki, “Azərpoçt” MMC ötən il toplam 16 tender keçirib. Bu tenderlər üzrə bağlanan satınalma müqavilələrinin dəyəri isə 2 milyon 609 min 917 manat təşkil edib.
MMC-nin həyata keçirdiyi tenderlərin ¼-i bir şikətə verilib. Söhbət “AZNEXT” MMC-dən gedir. Belə ki, “Azərpoçt” ötən il bu şirkətlər iki satınalma müqaviləsi imzalayıb. Kommutatorların satın alınması müqaviləsinin dəyəri 230 min 592 manat, aktiv şəbəkə avadanlıqlarının satın alınması isə 323 min 746 manata başa gəlib. Yəni, toplam 554 min manatlıq alış-veriş olub.
Araşdırma zamanı məlum olub ki, tender sektoruna yad olmayan bu şirkətin rəhbəri Səməd Abbasovdur. Bu şəxs haqqında açıq mənbələrdə məlumat olmasa da, rəhbəri olduğu şirkətin Covid 19 pandemiyası vaxtı dövlətdən maliyyə dəstəyi alması Dövlət Vergilər Xidmətinin rəsmi saytında yer alıb.
Bu sırada ikinci yeri “YENİ POLİQRAFİST” MMC tutub. Tribunainfo.az xəbər verir ki, bu şirkətlər də “Azərpoçt” arasında iki tender olub. Ciddi hesabat qəbzləri və Poçt göndərişlərinin qeydiyyatı üçün istifadə olunan ştrix kodların satın alınması 201 min 390 manata, istismar blanklarının satın alınması isə 57 min 555 manata reallaşıb.
“YENİ POLİQRAFİST” MMC-nin hazırda Bakı, Nizami r-nu, Qara Qarayev pr. 94 ünvanında fəaliyyət göstərir. Bu şirkətlə “Azərpoçt” arasında tender əməkdaşlığının tarixçəsi isə xeyli əvvələ gedib çıxır. Hələ 2017-ci ildə Azərpoçt MMC-nin keçmiş direktoru Qəmbər Bəybalayevin (o, korrupsiya ittihamı ilə həbs olunub) dönəmində sözügedən şirkətlə bir sıra satınalma müqavilələri imzalanıbmış. O zaman Baş Prokurorluğun apardığı araşdırma zamanı məlum olubmuş ki, “Azərpoçt”la “Yeni Poliqrafist” və daha bir neçə şirkət arasında bağlanmış satınalma müqavilələrində qiymətlər bir xeyli şişirdilib. Elə bu səbəbdən də “Yeni Poliqrafist”lə “Azərpoçt” arasında bu gün də davam edən tender anlaşmaları ekspertlər tərəfindən təəccüblə qarşılanır. Çünki adı keçmiş rəhbərliyin korrupsiya işlərində hallanan bir şirkətlə yola davam etmək sağlam tenderlərin keçirilməsinə şübhələrə kifayət qədər yol açır.
Sözügedən dövlət qurumu təmir işlərinə də az pul xərcləməyib. Açıq mənbələrdən məlum olan odur ki, “Azərpoçt” Goranboy RPF-nin inzibati binasının əsaslı təmiri üçün “LİDER-LİNE” MMC ilə 233 min 398 manatlıq, Sumqayıtda iki poçt filialının binasının əsaslı təmirinə görə isə “M-HOUSE CONSTRUCTİON” MMC ilə 163 min 161 manatlıq müavilə imzalanıb.
Bu tenderlərin içində maraqlı məqamlardan biri də odur ki, “Azərpoçt” MMC ötən il balansında olan avtomobillərinə 67.225 manatlıq təkər alıb. Bu məsələdə isə “MNK TRADİNG” MMC ilə anlaşıb.
Bildirək ki, “Azərpoçt” MMC-nin hazırda baş direktoru vəzifəsi boşdur. Həmin postu Mustafayev İsi Yusif oğlu müvəqqəti icra edir. O, həmçinin İdarə heyətinin sədri vəzifəsini də müvəqqəti icra edir.
Bəzi məlumatlara görə, 1979-cu ildə Bakı şəhərində anadan olmuş İsa Mustafayev dostu və tələbə yoldaşı Əfqan Cəlilovu əvəzləyib. Bildirilir ki, Mustafayev və Cəlilov təkcə, 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində tələbə yoldaşı olmayıblar. Onlar həmçinin
005-2013-cü illərdə “AGBank”da da birlikdə işləyiblər.
Yazıda adı keçən qurumların, şirkətlərin və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.