“Azərpoçt” “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC ilə növbəti dəfə anlaşdı

“Azərpoçt” “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC ilə növbəti dəfə anlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərpoçt” MMC keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, söhbət mövcud quraşdırılmış FUDO PAM (Privileged Access Management) üçün texniki dəstək müddətinin uzadılmasından gedir.
Bununla bağlı keçirilmiş müsabiqəni isə “Azərpoçt”un köhnə “müştərisi” “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC qazanıb. Tərəflər arasında 37 min 909 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, hələ üç ay bundan əvvəl, ötən ilin dekabrın 18-də də “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC ilə “Azərpoçt” arasında başqa bir müqavilə bağlanılıb. “Mövcud Eset Protect Essential lisenziyasının advanced versiyasına keçirilməsinin və mövcud ESET Mail Security üçün lisenziyaların uzadılmasının satın alınması” adlanan bu satınalma üzrə tərəflər arasında 153 min 105 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət hazırda Səməd Vurğun küçəsində yerləşən Aff Mallda otursa da, hüquqi ünvanı Süleyman Rəhimov küçəsi 154-də yerləşir. Şirkətin qanuni təmsilçisi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Hətta öz saytlarında da bu barədə yazmayıblar.
Onu da diqqətinizə çatdıraq ki, “JET İNFORMASİYA SİSTEMLƏRİ” MMC-nin rəmis https://jetinfosys.az/ saytı yalnız ingilis dilindədir. Azərbaycanda fəaliyyət göstərən, habelə Bakıda qeydiyyatda olan bu şirkətin rəsmi saytında Azərbaycan dili bölməsi belə yoxdur. Halbuki şirkətin bu hərəkəti Azərbaycan dilinə olan saymamazlıq kimi başa düşülməlidir. Çünki onlar Azərbaycanın dövlət dilinə hörmət etməli, həmin dildə məlumat bazası yaratmalıdırlar.

“Jet İnformasiya Sistemləri” MMC şirkəti “Azərpoçt” ilə anlaşmasına aydınlıq gətirib.

Tribunainfo.az-a “Jet İnformasiya Sistemləri” şirkətindən göndərilən məktubda bildirilib ki, onlar yerli Azərbaycan şirkətidir və 15 ildən artıqdır ki, fəaliyyət göstərirlər:

“Şirkətimiz öz fəaliyyət sahəsində göstərdiyi yüksək xidmət və iş sayyəsində nüfuz və etibar qazanmışdır. Tenderlərdə qalib gəlməyimiz uğurlu işimizin, işimizə peşəkar və vicdanla eləcədə məsuliyyətlə yanaşmağımızın nəticəsidir. İşlədiyimiz sahədə imkanımız və bacarığımız həddində çoxsaylı layihələrdə, tenderlərdə iştirak edirik. İllər ərzində bazarda ciddi ad və mövqe qazanmışıq.

Heyətimizin hamısı Azərbaycan vətəndaşları olmaqla müxtəlif milliyyətlərin nümayəndələrindən ibarətdir, əsasən də azərbaycanlılardan. Və hamısı Azərbaycana, Azərbaycan xalqına, Dövlət Başçısına bağlı və sadəqətli vətəndaşlardı. Və heç kimin ağlından belə keçməz ki, istər dil məsələsində, istərsə də başqa ümummilli məsələlərdə ümumazərbaycan maraqlarından kənara çıxsın.

Bildiyiniz kimi, İT sahəsi sərhədlər tanımaz və daima beynəlxalq miqyasda ünsiyyət və məlumat mübadiləsi tələb edir. Saytın tərtibatında ingilis dilindən istifadə etməyimiz başqa dilə üstünlük vermək yox, məqsədimiz sadəcə həmin dilin (ingilis) geniş kommunukasiya imkanlarından istifadə etmək olub. Biz ingilis dilinə rahat, geniş imkanlı vasitə kimi baxırıq.

Saytda Azərbaycan dilinin mütləq istifadə edilməsini qəbul edir və bildirirk ki, Azərbaycan dilində olan ana səhifənin yenidən işlənməsi tərəfimizdən sifariş verilmiş və bayram günlərinin sonunadək istifadəmizə veriləcəkdir”.