“Azərişıq” Lerikdə sahibkarlarla görüş keçirib – Foto

“Azərişıq” Lerikdə sahibkarlarla görüş keçirib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq” ASC ölkənin bütün regionlarında elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı maarifləndirmə işlərinə də xüsusi diqqət yetirir. Cəmiyyət sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması məqsədilə fermer və sahibkarlarla bölgələrdə mütəmadi görüşlər keçirir. Onların fikirləri, təklifləri, şikayət və tövsiyələri dinlənilir. 

Tribunainfo.az xəbər verir ki, həyata keçirilən belə görüşlərdən biri də Lerikdə baş tutub. Lerik rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirə 50 nəfərdən çox sahibkar və yerli sakin qatılıb. Görüşdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəhbəri, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi iştirak edib.

Görüş zamanı iştirakçılara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün ölkənin ən ucqar sərhədboyu kənd və qəsəbələrində belə vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün mütəmadi işlər görülür. Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır.

Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda tam gücü ilə aparılır.

Həmçinin qurumun elektron xidmətləri barədə sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmək imkanları ətraflı izah olunub. Görüş zamanı müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətirilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

Qeyd edək ki, “Azərişıq” ASC fermer və sahibkarları maarifləndirmək, yaranan çətinliklərin operativ həlli məqsədilə görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.