““Azəriqaz”da ciddi araşdırılmalar aparılmalıdır, Ruslan Əliyev bunları təkbaşına etməyib” – AÇIQLAMAbackend

““Azəriqaz”da ciddi araşdırılmalar aparılmalıdır, Ruslan Əliyev bunları təkbaşına etməyib” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Azəriqaz”ın fəaliyyətini 7 ildən artıqdır, araşdırırıq. Hətta 2018-ci ildə abonentlərə nə qədər ziyan vurduqları barədə məlumat dərc etmişik. Həmin vaxt Əkbər Hacıyev baş direktor, Ruslan Əliyev isə onun müavini idi. Ruslan Əliyevə cansağlığı, yeni iş yeri arzulayıram. Dövlət Neft Şirkətinin yeni komandasının kadr siyasətinə uyğun olaraq bilirdim ki, Ruslan Əliyev 1 il yarıma işdən azad olunacaq. O, satış üzrə müavin olduğu üçün bütün yazılarımın məsuliyyəti onun boynunda idi. Məsələn, “Azəriqaz”ın abonentlər qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, 24 saat təmiz qazla təmin olunmamaq, sayğacların tez-tez dəyişdirilməsi. Çox təəccüblüdür ki, “qaz əməliyyatı” aparılmırdı. Elə bir proses idi ki, bundan ötrü yalnız işdən çıxarılmalı yox, məsuliyyətə cəlb olunmalı idilər…”

Bu sözləri Pravda.az-a açıqlamasında “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

“1 ildən artıqdır ki, qaz itkisini əhalinin hesabına bağlamaq, ölkənin qazlaşdırılması haqqında düzgün olmayan məlumatlar vermək… 2009-cu ildən araşdırmam var. “Azəriqaz” rəhbərliyi hər il oktyabr-noyabr aylarında deyir ki, qazlaşdırma 93% yerinə çatdırılıb, ilin sonuna 96-97% yerinə yetiriləcək. Sözlərinə “sadiq” adamdırlar. Bu, heç bir əndazəyə sığmır. Nə danışıramsa, sənədə əsaslanıram. Rəhman Qurbanov SOCAR-ın vitse-prezidenti olanda əmr vermişdi ki, qeydiyyatdan yayınan qaz axını necə hesablanmalıdır. Bəzən qaz işlənir, abonentin xəbəri olmur. Rekomendasiyaya əsasən, son üç ay ərzində evdə olan qaz avadanlıqlarının sərfiyyatını hesablayacaq düstur qoymuşdular. Bu düstura görə, onlar abonentdən pul götürməli idilər. Bunu 3 ay əvəzinə 6 ay etmişdilər. Həmin vaxt Əkbər Hacıyev rəhbər idi, proses də gedirdi. Əhali həmişə cərimələnirdi. Bununla bağlı nə qədər məhkəmə işimiz olubsa, qazanmışıq. Məhkəmədə ona görə udurduq ki, nəzarətçilərə plan qoyulmuşdu. “Günün sonuna kimi neçə abonentdən sayğaca müdaxilə aktı gətirməlisiniz”. Siz də bilirsiniz ki, bütün sayğaclar küçədə, yaxud bina evlərində dəhlizlərdə qoyulur. Fərdi yaşayış evlərində, hətta həyətə də girmişdilər. “Sayğaca müdaxilə” adı ilə insanlara nə qədər cərimə tətbiq etdilər. Ruslan müəllim, bütövlükdə “Azəriqaz” əhalinin yadında nə qədər abonentə ziyan vurulması ilə qaldı. Nə qədər qeyri-qanuni cərimələr, qeyri-qanuni sayğac müdaxilələri… Qaz itkisi, sayğac məsələsi barədə mənə zaman-zaman görüntülər də göndərirdilər. Bəs bunu Ruslan Əliyev tək etmişdi? Orada bütöv bir “komanda” işləyirdi. Hər həftə mətbuat qarşısına çıxırdı. Guya əhali ilə görüşürdü. Bəs əhalinin qaldırdığı hansı problemlər yerinə yetirilmişdi? Düşünürəm ki, köklü araşdırmalar aparılmalıdır. Qohumluq əlaqələri olanlar işdən çıxarılmalıdır. Yalnız peşəkarlar qalmalıdır. “Azəriqaz”da peşəkar mühəndislər, işçilər var. Yeni gələn Azər Məmmədov “Azəriqaz”a 1 il əvvəl komandanın yeni siyasətinə uyğun olaraq müşavir təyin ediləndə bilirdim ki, onu Ruslan Əliyevin yerinə hazırlayırlar. Amma kim zəmanət verəcək ki, Ruslan Əliyevin etdiklərini, əhaliyə vurduğu ziyanı Azər Məmmədov daha peşəkar şəkildə etməyəcək, yaxud həqiqətən də, ədalətli, idarəetmə qabiliyyəti olan insan kimi işləyəcək. Bunu zaman göstərəcək. Onsuz da birinci məlumatı mən alacağam. Fikrimcə, “Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılmalıdır. Satış üzrə iki-üç başqa-başqa idarələr olmalıdır ki, əhali özünə daha çox sərf edən məbləğə və şərtlərə uyğun müqavilə bağlasın. Ən əsası da Ruslan müəllimin fəaliyyəti dövründə yaddaqalan məqamlardan biri qazdan zəhərlənmələrdir. Bu, bağışlanılmaz haldır, amma nə araşdırmadılar, nə də dövlət səviyyəsində yoxlanılmadı. Bu iş hələ açıq qalır: günahkar kimdir?”