Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin əvəzolunmaz qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçıvan Muxtar Respublikasında keçirilən satınalma müsabiqələrini də “fəth” etməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin (TTYX) regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyasının təchizatının gücləndirilməsinə dair malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 760 350,81 manatdır.
TTYX bu məbləğə aşağıdakı malları almağı planlaşdırır:
Xəstəbaşı monitor – 64 ədəd
Şırınqa pompası – 64 ədəd
İnfuziya pompası – 64 ədəd
Venadaxili infuziyalar üçün ştativ – 64 ədəd
4 motorlu çarpayı – 32 ədəd
3 motorlu çarpayı – 32 ədəd
Larinqoskop seti – 32 ədəd
Defibrilyator / monitor – 32 ədəd
Xəstəbaşı panel – 64 ədəd
Təcili yardım arabası (Crash cart) – 32 ədəd
Xəstədaşıma xərəyi – 32 ədəd
Xəstədaşıma kreslosu – 32 ədəd
Oksigen terapiya dəsti – 32 ədəd
Oksigen konsentratoru 10L – 32 ədəd
Portativ aspirator (sorucu) – 32 ədəd
Divarüstü diaqnostik dəst oftalmoskop – otoskop – tonometr – 32 dəst.
“Azəri Med” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Şirkət tibbi avadanlıqların satışını həyata keçirir. Bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.
Şirkətin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Şirkətlə bağlı məlumatları təhlil etdikdə bu iddiaların əsassız olmadığı qənaəti yaranır.
“Azəri Med” QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur.
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.
Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. “Azəri Med” QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir.
Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.