Azercell Tələbə Təqaüdü proqramı çərçivəsində tələbələrlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azercell Telekom MMC Tələbə Təqaüdü 2017 proqramı çərçivəsində Bakı və bölgələrdə yerləşən ali təhsil ocaqlarında təhsil alan tələbələrlə görüş keçiriblər.

 

Azercell Telekom MMC Tələbə Təqaüdü 2017 proqramı çərçivəsində Bakı və bölgələrdə yerləşən ali təhsil ocaqlarında təhsil alan tələbələrlə görüş keçiriblər.

TİA.AZ xəbər verir ki, şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları tələbələrə Təqaüd proqramı haqqında məlumat verib, onların suallarını cavablandırıblar. Bakıdakı təhsil ocaqları ilə yanaşı Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiyalar Universiteti və Mingəçevir Dövlət Universitetinin 1000-ə yaxın tələbələri ilə görüş tələbələr üçün səmərəli olub.

Məlumat üçün bildirək ki, Azercell Telekom sentyabrın 15-dən bütün tələbələr üçün növbəti Təqaüdü Proqramına start verib. Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər Təqaüd Proqramına müraciət edə bilərlər.  Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.  Müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn formada qəbul edilir.

Müraciətlərin son qəbul tarixi – 2017-cı il, 15 oktyabrdır.

Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.