““Azercell”in Sabir Rüstəmxanlıya cavabı biabırçılıqdır” – Ekspertbackend

““Azercell”in Sabir Rüstəmxanlıya cavabı biabırçılıqdır” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell” dövlət şirkəti “İrana xoş gəlmisiniz” məsələsi ilə bağlı deputat Sabir Rüstəmxanlıya açıq formada cavab ünvanlayıb. Bu cavabı bir neçə dəfə oxumağa çalışdım. Düzü, bilmirəm kim hazırlayıb bunu. Yumşaq desəm, absurd, mahiyyətə dəxli olmayan, ağlasığmaz bir cavab adlandırmaq olar bunu. Məəttəl qalıram. Bu nəhənglikdə dövlət şirkəti ağlabatan bir cavab hazırlaya bilməyib.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. “Azercell”dən deputata verilən cavabı şərh edən ekspert qeyd edib ki, şirkət ağlabatan, sadə bir izah vermək əvəzinə mənasız bir sicilləmə yazıb:

“Hörmətli yazıçımız şirkətə qarşı “öz ölkəmdə olduğum zaman mənə dövlət şirkətindən nə üçün “İrana xoş gəlmisiz” mesajı gəlir ” ittihamı irəli sürüb, olduqca aydın və sərt formada. Bu dövlət şirkəti isə ağlabatan, sadə bir izah vermək əvəzinə mənasız bir sicilləmə yazıb.
“Azercell”dən gözlənti nə ola bilərdi ?

1. “Azercell” baş verənlərə görə üzrxahlıq edir
2. Ötən ildə “Azercell” tərəfindən şəbəkənin gücləndirilməsini və yüzlərlə yeni baza stansiyasının tikildiyini, lakin problemlərin hələ də qaldığını bildirir
3. Dərhal aidiyyatı dövlət qurumunun nümayəndələri ilə, zəruri ölçmə avadanlıqları ilə həmin ərazidə baza stansiyalarının siqnalların gücünün ölçülməsinin həyata keçiriləcəyini açıqlayır
4. Ərazinin sərhəddən nə qədər aralı olmasını açıqlayır. Əgər həqiqətən də həmin ərazi sərhədin tam yaxınlığındadırsa bunun mümkün ola biləcəyini ağlabatan formada izah verir. Əgər sərhəddən xeyli uzaqdadırsa stansiyaların yeniləcəyini açıqlayır.
5. “İrancell” və “Azercell”in həmin ərazidəki baza stansiyalarının siqnallarının gücləri ilə bağlı məlumatlar açıqlanır. “Azercell”və “İrancell” arasında rouminq müqaviləsi olması açıqlanır.
6. İran tərəfindən məqsədyönlü olaraq , beynəlxalq normalara zidd olaraq sərhəddəki radioratibə avadanlıqların düz tənzimlənmədiyini, bu məsələlərin dövlətlər arasında həll olunmaqda olduğunu açıqlayır.

Təsəvvür edin ki, “Azercell”ə qarşı irəli sürülən ittihamlar məhz bu qeyd olunan bəndlərlə bağlıdır.
“Azercell”in cavabında bu qeyd olunanlar öz əksini tapsaydı olardı ağlabatan bir cavab.
Amma təəssüf ki, açıqlanan cavabda bunların heç biri haqqında nəsə tapmaq mümkün deyil”.

Ekspert bildirib ki, sektorun tənzimləyici qurumu olan İKTA mobil operatorun bu formada ağlasığmaz və sayğısız açıqlamasına münasibət bildirməlidir:

“Həmin bölgədə baş verənlərlə bağlı araşdırmalar aparılmalı, zəruri ölçmə işləri aparılandan sonra rəsmi bir ağlabatan açıqlama verilməlidir”.

Nigar