Bu ilin yanvar, fevral və mart ayları ərzində məcburi köçkün və aztəminatlı ailələr üçün pulsuz göz müayinələri təşkil edilib.
Bu ilin yanvar, fevral və mart ayları ərzində məcburi köçkün və aztəminatlı ailələr üçün pulsuz göz müayinələri təşkil edilib
Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2017-ci ilin ilk 3 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib. Klinika yanvar, fevral və mart ayları ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.Yeni ilin ilk ayında klinikanın həkimləri Bakının Hövsan, Əmircan və Sabunçu qəsəbəsində, həmçinin Kürdəmir rayonunda məcburi köçkün və kimsəsizlər üçün müayinələr təşkil ediblər. Bu səfərlər çərçivəsində 136 nəfər ümumi yoxlamadan keçib. Fevral ayında isə klinikanın həkimləri 108 nəfəri müayinəyə cəlb ediblər. İlk olaraq Bilgəh qəsəbəsi 11 saylı internat məktəbinə üz tutan həkimlər, sonra “Qızıl Aypara” cəmiyyətində və Şağan qəsəbəsi “Əlilliyi olanlar üçün müalicəvi pansionatda” xidmət göstəriblər. Mart ayında isə Nərimanov rayonunda, Gəncə şəhəri SOS uşaq kəndində və Lökbatan qəsəbəsində 100-dən çox insan müayinədən keçib. Bu ilin əvvəlində 108-i uşaq, 236-sı isə böyük olmaqla, ümumilikdə 344 nəfər müayinə olunub. Müayinələr nəticəsində 203 nəfərə müalicə, 147 nəfərə isə eynək təyin olunub.
Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.