“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir

“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell” 1 dekabr tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid olan “SuperSən” və “Premium” tarif paketlərinə yeni qoşulmaları dayandırır.

Tribuna xəbər verir ki, şirkətin rəsmi saytında yerləşdirilən məlumata görə, həmin tarixədək bu paketləri aktivləşdirən abunəçilər abunəliklərini ləğv edənədək xidmətlərdən əvvəlki qaydada istifadəni davam etdirə biləcəklər.

Ancaq maraqlıdır ki, bu məlumat hələ oktyabr ayında “Azercell”in saytına yerləşdirilsə də, şirkət bu barədə ictimaiyyətə rəsmi açıqlama verməyib. Heç bir mətbuat bildirişi, sosial şəbəkə paylaşımı və ya SMS xəbərdarlığı olmayıb.

Nəticədə istifadəçilərin əksəriyyəti bu dəyişikliyi təsadüfən və ya üçüncü mənbələrdən öyrəniblər.

Bu isə ictimaiyyət tərəfindən şəffaflıqdan uzaq addım kimi qiymətləndirilir. Məlumatlandırma öhdəliyinə baxmayaraq, şirkətin tarif dəyişikliklərini səssizcə həyata keçirməsi istehlakçı hüquqlarının pozulması kimi də dəyərləndirilə bilər.

Ekspertlər bildirirlər ki, “SuperSən” və “Premium” paketlərinin bağlanması “Azercell”in SimSim sistemini mərhələli şəkildə sıradan çıxarma planının tərkib hissəsidir.

Telekommunikasiya bazarında müşahidə olunan tendensiyalara əsasən, şirkət fakturasız (öncədən ödənişli) abunəçiləri tədricən fakturalı, müqaviləli tariflərə keçməyə məcbur etməyə çalışır.

Son aylarda “Azercell”in qiymət siyasətində də oxşar dəyişikliklər aparması narazılıqları daha da artırıb. Şirkət yay aylarında bir sıra internet paketlərinin qiymətini artırıb, lakin bu barədə də açıq məlumat yaymaqdan çəkinib. Məsələn, 6 GB və 10 GB-lıq internet paketlərinin qiyməti səssizcə qaldırılıb, daha sonra “kampaniya” adı altında endirimlər təklif olunub.

Ekspertlərin fikrincə, bu cür yanaşma istehlakçı etimadını sarsıdır, çünki şirkət bir tərəfdən özünü “müştəriyönlü brend” kimi təqdim edir, digər tərəfdən şəffaf kommunikasiya aparmaqdan yayınır.

Telekommunikasiya sahəsində şəffaflıq, qiymət sabitliyi və məlumatlı razılıq prinsipləri müştəri məmnunluğunun əsas göstəricisidir. “Azercell”in son addımları isə əksinə – ictimai narazılıq və etimad itkisi yaradır.

Qeyd edək ki, “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovadır.

Gülşən Rəsul