Azərbaycanlıların yas məclisinə hücum: 200 şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinskdə azərbaycanlıların iştirakı ilə yenidən kriminal müharibə başlayıb.

 

Çelyabinskdə azərbaycanlıların iştirakı ilə yenidən kriminal müharibə başlayıb.

Axar.az xəbər verir ki, “URA.ru” saytı krim-savaşda artıq 25 yaşlı Ramil Camiyevin öldürüldüyünü bildirib. 8 sentyabrda yaralanaraq xəstəxanaya çatdırılan Camiyevin həyatını xilas etmək mümkün olmayıb.

Kurçatov rayon İstintaq Komitəsi məsələ ilə bağlı cinayət işi qaldırıb. Şahidlər dindirildikdən sonra polis Camiyevi öldürən şəxsin 26 yaşlı Eldəniz Bağırov olduğunu müəyyənləşdirib. Camiyev kimi onun da Azərbaycan vətəndaşı olduğu bəlli olub. Cinayəti törədəndən sonra gizlənən Bağırov artıq axtarışa verilib.

Ən maraqlı isə cinayətdən sonrakı gün baş verib. Belə ki, Azərbaycan diasporunun nümayəndələri Camiyevin xatirəsinə “Bakinskiy dvorik” restoranında yas mərasimi təşkil ediblər. Bu zaman hadisə yerinə polis əməkdaşları gəliblər. Polislər restoranın işçilərindən başqa burada olan hər kəsi həbs ediblər. Polis bölməsinə təxminən 200 nəfər insan gətirilib.

Polis həbs edilənlərin miqrasiya qanunvericiliyini pozub-pozmamalarını yoxlamaq məqsədi ilə bölməyə gətirildiyini açıqlayıb. Üstəlik, “Bakinskiy dvorik” restoranında hansısa tədbirin keçirilməsi və baş verən cinayət haqqında heç bir məlumat olmadığı vurğulanıb.

Hadisənin adının açıqlanmasını istəməyən şahidlərindən biri polisin fəaliyyətinin profilaktik tədbir olmadığını bildirib:

“Yas mərasimi idi. Polis gəldi və havaya atəş açdı. Dedilər ki, cinayətkarları axtarırlar. Cavanları və yaşlıları döşəməyə uzatdılar. Hamını maşına doldurdular, elə bil insan yox, mal-qara aparırdılar. 200 nəfərin hamısını apardılar. Hətta ölənin atasını şöbəyə gətirdilər. Bütün Rusiya vətəndaşları sənədlərini göstərməyə hazır idilər. Cinayətkarı axtarmaq əvəzinə gəlib insanları yasdan apardılar. Sonra da deyirlər ki, bizə hörmət etmirlər”.

Kafenin Ziley adlı ofisiantı da bu şəxsin sözlərini təsdiq edib:

“OMON gəlib, atəş açdı. Zala qaçdıq, hər kəsi döşəməyə uzadıb döydülər. Mətbəxdəki heç kimə dəymədilər. Sadəcə daxil olub, kimin olduğuna baxdılar. Telefonlara baxıb, etdiyimiz çəkilişləri silməyə məcbur etdilər. Bir neçə şəxs müqavimət göstərməyə cəhd etdi. Bəzi şəxsləri içəri girən kimi döydülər. İndi restoranımız bağlıdır və yaxın zamanlarda çalışmayacaq”.

Qeyd edək ki, azərbaycanlıların qeyri-rəsmi liderləri Çelyabinskdə kriminal qarşıdurmalara iki həftə əvvəl başlayıblar. Onlar arasında son illərin ən böyük qarşıdurması iki həftə əvvəl “Kiçik Gürcüstan” restoranında olmuşdu. Polis o zaman 90 nəfəri həbs etmişdi. Qarşıdurma kriminal avtoritet Vladimir Puzikovla azərbaycanlı qanuni oğru Rəhman Abdullayevin tərəfdarları arasında yaşanmışdı. Qarşıdurmaya səbəb kimi sərnişin daşımaları bazarının bölüşdürülməsi göstərilir. Belə ki, bazarda ən aktiv oyunçu olan Azərbaycan qruplaşmasının öz mövqeyini digərləri ilə bölüşmək istəməməsi bu savaşı şiddətlənməsinə səbəb olub.