Dünyanın ən məşhur video izlənilən saytı “Youtube”a azərbaycanlılar arasında da maraq çoxdur. Dünyanın ən məşhur video izlənilən saytı “Youtube”a azərbaycanlılar arasında da maraq çoxdur.
Müşahidələrə görə, “Youtube”da ən çox izlənilən Azərbaycan kanalları meyxana və bayağı musiqilərdir (http://socialblade.com/youtube/top/country/az/mostsubscribed).
Yerli telekanalların bayağı verilişləri barədə dəfələrlə yazmışıq. Məhz bunun nəticəsi olaraq tamaşaçıların efirdən uzaqlaşdığını bildirmiş, hətta bundan şikayətlənmişik də… Amma deyəsən əbəs yerə. Çünki bizim tamaşaçıların əksəriyyəti bayağı verilişlərə daha meyllidir və nə təklif edilməsindən asılı olmayaraq onlar ancaq belə videoları seçəcək. Bunu biz deyil, “Youtube” deyir. Fakt göz önündədir: milyonlarla seçim imkanı təqdim etməsinə baxmayaraq, əksər azərbaycanlının “Youtube”da bayağı videolar seçməsi. Bəs bizim hələ də, bayağı proqramlara, şit videolara meyl etməyimizin səbəbi nədir?
Publika.az bu suala cavab tapmağa çalışdı.
Qhtxeber.az portalının baş redaktoru Sənan Nəcəfov insanların bayağı verilişlərə, musiqilərə meyl etməsinə normal yanaşdığını deyir. Onun sözlərinə görə, bu insanlar özləri üçün yaratdıqları “cəmiyyətdə” çox xoşbəxtdirlər: “Onlar özlərini yormadan həzzə qaçırlar. Bu, insan psixologiyası ilə bağlı məsələdir. Özüm də bu məsələyə diqqət etmişəm “Youtube”da azərbaycanlılar şit zarafatlar və meyxanaları daha çox izləyirlər. Bu kütlə üçün intellektual veriliş, tarixi araşdırma əhəmiyyətli deyil. Onlar özünü yormaq yox, daha rahat olanı izləmək istəyir. Zövqləri bu cür formalaşıb. Azərbaycan tarixilə bağlı möhtəşəm film çəkib “Youtube”a yükləsək 12 mindən çox baxan olsa, sevinərik”.
S.Nəcəfov bu reallığı dəyişməyin heç də asan olmadığını düşünür: “Kütləni daha intellektual verilişlərə istiqamətləndirmək lazımdır. Lakin bunun üçün böyük işlər görülməlidir. Tamaşaçıların seçiminə normal yanaşmalıyıq, heç kimi nəyəsə baxmağa məcbur edə bilmərik. Onlarda bu fikri formalaşdırmaq üçün peşəkarlıq çatmır və zövqü dəyişmək kütlənin marağında deyil”.
Azerikino.com saytının, “Youtube” Azərbaycan kinosu kanalının yaradıcısı Vüsal Ağayev də insanların bayağıya meyl etməsinin səbəbini telekanallarda görür: “İlk dəfə “Youtube”da Azərbaycan filmləri ilə bağlı yaratdığım səhifəyə maraq yüksək idi. Sonradan kanallarım müəyyən səbəblərdən bağlandı. Əminəm ki, indiki kanalım da baxılanlar sırasında ilk sıralarda deyil. Bunun isə bir sıra səbəbləri var. 2011-ci ildə mənim həm serial, həm də kino kanalım var idi. Kinoya serial qədər maraq yox idi. Bunun səbəbi izləyicinin ənənəvi telekanalarda gördüklərinə “Youtube”da baxmasıdır. “Youtube”un izləyicisi ənənəvi telekanal izləyiciləridir. Serial, bayağı əyləncə görən izləyici onun davamına internetdə axtarır. Ola bilər ki, yanlış düşünürəm, lakin fikrimcə, səbəb budur”.