AZƏRBAYCANLILAR GƏLƏN İL ŞUŞANIN KƏNDLƏRİNƏ VƏ XOCALIYA KÖÇÜRÜLƏCƏKLƏR – İDDİA

AZƏRBAYCANLILAR GƏLƏN İL ŞUŞANIN KƏNDLƏRİNƏ VƏ XOCALIYA KÖÇÜRÜLƏCƏKLƏR – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizinin bağlanması ilə başlayan aksiyadan sonra bir sıra maraqlı məlumatlar ortaya çıxmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, xüsusən də erməni mənbələri Azərbaycanın bundan sonrakı addımlarını hesablamağa və proqnoz verməyə çalışır və bir sıra xəbərlərin də gündəmə gəlməsinə vəsilə olurlar.

Ermənistanda yayımlanan “Faktinfo” saytının yaydığı məlumata görə, Laçın dəhlizində davam edən aksiyanın ekoloji məsələ ilə yekunlaşacağı inandırıcı görünmür. Saytın belə qənaətə gəlməsinin səbəbi kimi isə Azərbaycanın Ermənistana və Qarabağdakı erməni separatçılarına bir müddət əvvəl etdiyi xəbərdarlıq göstərilir. Nəşr iddia edir ki, rəsmi Bakı dekabrın əvvəllərindən etibarən İrəvana və Xankəndiyə xəbərdarlıq edib ki, 2023-cü ildən etibarən Azərbaycan vətəndaşları doğulduqları və hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə sərbəst gedib-gələcək və bir müddət sonra onların köçürülməsi prosesi başladılacaq.

Məlumatın nə dərəcədə dəqiq olduğunu demək mümkün olmasa da, bir qədər əvvəl yayılmış xəbərlərlə tutuşdurlduqda bunun mümkün ola biləcəyi istisna edilmir. Belə ki, hələ “Qisas” əməliyyatından sonra xəbər yayıldı ki, Azərbaycan Xocalıya nəzarəti tam götürmək üçün ciddi tələb qoyub. Həmin məlumatda vurğulanırdı ki, rəsmi Bakı ermənilərə bu barədə xəbərdarlıq belə edib. “İrəvanla əldə olunmuş razılaşmaya əsasən Azərbaycan əhalisini Xocalıya köçürmək və orada məskunlaşdırmaqda israrlıdır. İmzalanmış sənədə əsasən Bakı bu prosesi bir müddət reallaşdırmağa başlayacaq. Əvvəlcə sərbəst gediş-gəliş təmin olunacaq, daha sonra isə daimi köçə start veriləcək”.

Erməni hərbi ekspert Hayk Nahapetyan da bu barədə danışaraq bildirib ki, Azərbaycanın növbəti addımı Xankəndi şəhərində yaşayan azərbaycanlıları evlərinə qaytarmaq olacaq. O, “Faktinfo”ya açıqlamasında deyib ki, buraya Şuşanın kəndləri və Xocalı şəhəri daxildir. “Azərbaycanın əsas hədəflərindən biri Xankəndi yaxınlığındakı Şuşanın kənd və qəsəbələrinə nəzarəti əldə etsin və əhalini ora köçürsün. Buna paralel olaraq Xocalıya da əhalini köçürməkdə nəinki maraqlıdırlar, israr edirlər. Bunun qarşısını necə almaq mümkündür, demək çətindir”.