“Şakro Molodoy”la dizayner Fatimə Misikovanı nə birləşdirir?
“Şakro Molodoy”la dizayner Fatimə Misikovanı nə birləşdirir?
Gələn həftə-oktyabrın 10-da Moskvanın Nikulinski Rayon Məhkəməsində Rusiya kriminalında bir nömrəli “qanuni oğru” hesab olunan yezidi kürd Zaxari Kalaşovun (“Şakro Molodoy”) mühakiməsi başlayacaq. Son illərin ən qalmaqallı məhkəməsi olacağı gözlənilən bu prosesdə “Şakro” ilə bərabər onun yaxın adamı, “İtaliyalı” ləqəbli Andrey Koçuykov da oturacaq. Amma prosesi daha maraqlı edən iş üzrə yüksək rütbəli istintaqçıların da ittiham olunmasıdır.
“Şakro Molodoy”un həbsinə səbəb olan hadisə 2015-ci ilin dekabrda Moskvadakı “Elements” restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına “İtaliyan”ın silahlı adamları gələrək qarşı tərəflə “razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Hadisəyə görə tutulan “İtaliyalı”nın azadlığı üçün çalışan “Şakro” hüquq-mühafizə orqanlarına çıxış axtarıb. Tezliklə bu işi görmək müqabilində onda 500 min avro istənilib. Xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat çərçivəsində Rusiya İstintaq Komitəsinin generalı Denis Nikandrov pulu alarkən həbs edilib. Daha sonra bu iş üzrə İstintaq Komitəsinin yüksək rütbəli əməkdaşı Mixail Maksimenko, habelə onun müavini Aleksandra Limonov da həbs ediliblər.
“Şakro Molodoy”un həbsindən sonra Rusiyanın internet portalları bu həbsi Rövşən Canıyev (“Lənkəranski”) və müttəfiqlərinin əməli kimi izah edirdilər. Rusiya kriminal aləminin “marşalı” hesab olunan “Şakro Molodoy”un həbsi əlbəttə ki, o zaman sağ olan “Lənkəranski”nin gücü deyildi. Rusiyanın bütün tirajlı elektron KİV-ləri, o cümlədən “Rossiya-24″ və digər telekanalları həbslə bağlı mövzuya geniş verməsi ”qanuni oğru”nun tutulmasının daha ciddi səbəbləri olduğunu göstərdi.
O, “Ded Xasan”ın varisi kimi tanınırdı və yeni müharibələrə həvəsli qruplaşmaların “ağzını bir yerə” yığmaq istəyirdi. Üstəlik, kriminal aləmdə “apelsinçikləri”-yəni müəyyən yollarla “qanuni oğru” adı almış adamları “təmizləməyə” başlamışdı. “Şakro” ilkin dövrdə bu işdə bəzi qaydalar yarada bildi və kriminal aləmdə müharibələr səngidi. Amma 2016-cı ilin əvvəllərində Rusiyanın bir sıra böyük şəhərlərində bazarlar və iri ticarət mərkəzlərinə nəzarət uğrunda yeni savaşın başlandığı barədə xəbərlər yayılmağa başlamışdı ki, bu işdə “Şakro”nun da adı qırmızı xətlə keçirdi.
Zaxari Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.
Onun müxtəlif dövrlərdə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir. Ona qarşı ən ciddi ittiham erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynanın oğurlanmasıdır. Onu 2000-ci il, iyunun 18-də Tiflisdəki “Şeraton” hotelinin dayanacağında “Şakro Molodoy”la birgə görüblər. Bir neçə gün sonra Kalaşov biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də biznesmenin hələ də öldü-qaldısı bilinmir.
“Şakro Molodoy”un başlayacaq məhkəmədə həbsdən yaxa qurtaracağı mümkünsüz görünür. Onun uzunmüddətli həbsə göndərilməsi isə Rusiya kriminal aləmində liderlik uğurunda növbəti qanlı savaşlara səbəb olacaq.