Ulduz valideynlər övladlarını bir qayda olaraq yağ-bal içində böyüdür, ən bahalı oyuncaqları alır, marka geyimlər geyindirir, lüks maşınlarda gəzidirirlər.
Ulduz valideynlər övladlarını bir qayda olaraq yağ-bal içində böyüdür, ən bahalı oyuncaqları alır, marka geyimlər geyindirir, lüks maşınlarda gəzidirirlər.
Yeri gəlmişkən, məşhurlar uşaqlarının təhlisinə də xəsislik etmir.
Publika.az bu yazıda övladlarının təhsilinə xüsusi diqqət yetirən məşhurların fikirlərini öyrənib.
Onlar bildirib ki, uşaqlarının məktəb seçiminə çox ciddi yanaşır və haqlı olaraq belə hesab edirlər ki, yaxşı təhsil həyatda daha yüksək uğurlar qazanmağa kömək edir.
Tanınmış aparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Publika.az-ın baş redaktoru Elçin Əlibəyli bildirib ki, uşaqlarının Fransa və Böyük Britaniya kimi ölkələrdə təhsil alması ən böyük arzusudur:
“Övladlarımın ödənişli təhsil müəssələrində oxumasını istərdim, amma imkanım çatmır. Buna baxmayaraq, əlavə kurslara gedirlər. Əsas hədəfim də odur ki, onların hər ikisi xaricdə təhsil alsın. Özləri Moskva Dövlət Universitetini seçmək niyyətindədir. Mənim isə arzum odur ki, ya Fransada, ya da Böyük Britaniyada təhsil alsınlar. Heç olmasa Almaniya təhsil sistemindən bəhrələnsinlər. Düzü, alman təhsili çox mürəkkbədir. Amerika haqqında düşünmürəm, çünki çox uzaqdır. Uşaqları o qədər uzağa buraxa bilmərəm. Aydın məsələdir ki, bu ölkələrdə təhsil müəssələri bahalıdır. Təbii ki, ən ucuz versiya Türkiya sayılır. Lakin məsələ ondadır ki, hər iki övladım rus dilli məktəbdə oxuyur. Odur ki, türk dilli təhsil onlar üçün çətin olacaq. Təəssüf ki, Rusiya universitetlərinin vəziyyəti hazırda çox gərgindir. MDU-də əvvəlki təhsillə, indiki eyni deyil. Avropa təhsili ilə müqayisədə xeyli zəifdir. Ona görə də övladlarım üçün indidən vəsait toplayıram ki, xaricdə təhsil ala bilsinlər”.
Atv kanalının İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri, aparcı Turan İbrahimovövladının seçimlərə qarışmayacağını, bu yolda onlara sadəcə bələdçi olacağını bildirib:
“Oğlum Nizami rayonunda 62 nömrəli dövlət məktəbində təhsil alır. Sentyabrdan ikinci sinfdə oxuyacaq. Əvvəlcə oğlumu çox bahalı özəl bağçalara qoymuşdum. Aylığı Azərbaycandakı minimum əmək haqqından yüksək idi. Sonradan müşahidə etdim ki, bu, təhsilə hazırlıq üçün effektiv üsul deyil. Qərara gəldim ki, araşdırıb yaxşı bir müəllim tapım və bağçadan çıxarım. Hansı ki, məktəbə qədəm basdığı andan uşaqda təhsilə maraq oyada bilsin. Anamın köməyilə belə bir müəllimi Nizami rayonunda dediyim məktəbdə tapdıq. Oğlum bir il həmin məktəbə hazırlağa getdi”.
Aparıcı hesab edir ki, oğlunu indidən hər hansı sahəyə məcbur etmək doğru deyil: “Təbii ki, müəyyən məsələlərdə oğlumun bacarıq və təfəkkürünün hansı istiqamətdə inkişaf edə biləciyini müşahidə edirəm. Amma hesab edirəm ki, ona indidən nəyisə diktə etməyə ehtiyac yoxdur. Xoşuna gələn peşələrlə bağlı mənə çoxlu suallar verir. Mən də ona doğru cavablar verirəm, hər halda böyüdükdən sonra özünün hansı peşəyə marağından asılı olmayaraq ona bacardığım qədər dəstək olmağa çalışacam. Eyni zamanda onda müşahidə etdiyim qabiliyyətləri izah edirəm, yalnız məsləhətçi kimi suallarına cavab verirəm. Amma ona öz istədiyim bir peşə sahibi olmasını diktə etmirəm. Bunu gələcək göstərər. Ali təhsilini xaricdə davam etdirib-etdirməməsi barədə heç bir söz deyə bilmirəm. Bunu da oğlumun öz ixtiyarına buraxmışam, gələcək göstərər. Nə bilim. Ümumiyyətlə, bütün seçimlərimi də özüm etmişəm, qurduğum xəyalların arxasınca özüm getmişəm, valideynlərim də məni dəstək olub. Eyni yanaşmanı oğluma da tətbiq edirəm. Təbii ki, səhv və ziyanlı tərəflərini izah edərəm, amma yenə də israr edərsə, ona qarşı çıxmayacam. Azərbaycanda elə yüksək səviyyəli universitet var və orada oxuyarsa, sevinərəm. O cümlədən xarici ali təhsil müəssələrini seçsə, dəstəkləyəcəm”.
T.İbrahimov Azərbaycan təhsilində onu narahat edən məsələləri də açıqlayıb:
“Hazırda təhsilə fərqli yanaşmalar var. Və onlar heç xoşuma gəlmir. Bu səbəbdən də övladımı özəl yox, dövlət məktəbinə qoydum. Hazırda təhsil sadəcə şan-şöhrət, əhatə və s. bu kimi nöqteyi-nəzərdən əlavə yükə çevrilib, öz funksiyasını itirib. Odur ki, önəmli olan hansısa universiteti bitmirək deyil, ən vacibi sözün əsl mənasında müəyyən bir peşə üzrə ixtisaslaşmaqdır. İndi insalar heç bilmirlər ki, uşaqlarını niyə oxudurlar, uşaq böyüdükdən sonra nə olacaq. Bütün bunlara görə uşağın nə vətəndaş mövqeyi, nə milli özünüdərki olur, nə də ki, cəmiyyətdə baş verən prosesləri dərk edir. Ətrafımda həm imkanlıların, həm də imkansızların uşaqlarına baxıram və görürəm ki, uşaqlarını “Qonşudan qalma dala” prinsipi ilə yükləyirlər. Yəni, mədəni formada desək, manqurtlaşma gedir. Təəssüf ki, yeni nəsil bu yanaşma ilə manqurtlar yetişdirir”.
Tanınmış Azərbaycan aktyoru, şoumen, naşir və Əməkdar artisti Bəhram Bağırzadə övladlarının peşə seçiminə qarışmayacağını bildirib. Validenylərinin izi ilə gedərək öz uşaqlarına bu məsələdə azadlıq verəcəyini vurğulayıb:
“Çox xoşbəxtəm ki, Allah mənə gözəl və müdrik validyenlər qismət edib. Allah atama rəhmət eləsin, bütün uğurlarımı ona borcluyam. Məktəbi bitirən ili atam mənə dedi ki, “Bəhram, hansı peşəni seçirsən, seç, amma peşəkar ol! Çalış ki, gördüyün işdən həzz alasan və həzz aldığın işdən də evə çörək aparasan!” Onun bütün arzuları həyata keçdi. Valideynlərim mənə peşə seçimində qadağa qoymadığı üçün özümü bəxtəvər insan sayıram. Anam da böyük dəstəkçim olub. Bakıda elə bir dərnək qalmamışdı ki, məni ora yazdırmasın. Məktəblə yanaşı fortepiana, qarmon, üzgüçülük, basketbol, həndbol, futbol, rəssamlıq, ingilis dili və s. dərnəklərə gedirdim. Bütün bunlar seçdiyim peşədə lazım oldu. Eyni təcrübəni son 9 ildə övladlarımın üzərində də həyata keçirirəm. Övladlarımın boş vaxtları olmur. Atamın verdiyi tövsiyələr tez-tez onlara təkrar edirəm. Hansı sahədə çalışmalarından asılı olmayaraq, istərdim ki, öz peşələrində bir nömrə olsunlar”.
Aktyor bildirib ki, övladlarını özəl məktəblərdə oxutdurmağa ehtiyac görmür: “Dövlət məktəbində təhsil alırlar və heç bir xərcim çıxmır. 11-ci sinfi bitirdikdən sonra çox istərdim ki, xaricdə təhsil alsınlar. Amma bir şərtlə ki, təhsillərini başa vurduqdan sonra vətənlərinə öz sahələrinin peşəkar mütəxəssisi kimi qayıtsınlar. Və Azərbaycan xalqının vətəndaşlarına qulluq etsinlər. Necə ki, onların ullu babaları, babaları və ataları qulluq edib”.
Müğənni Nadir Qafarzadə iki oğlunun xaricdə təhsil aldığını söyləyib:
“Övladlarımdan çox razıyam, onların təlim-tərbiyəsilə tək mən yox, həyat yoldaşım da maraqlanıb. Əslində əziyyətin böyük qismi onun üzərinə düşür. Övladlarımın ikisi də xaricdə təhsil alır. Bir neçə gün əvvəl böyük oğlum İsveçrənin Cenevrə şəhərindəki Avropa Universitetini bitirib gəlib. İkinci oğlumsa Moskvada Xalqlar Dostluğu Universitetində təhsil alır. Peşə seçimində onların heç birinin qərarına müdaxilə etməmişəm. Sadəcə ali savadlı insan kimi yetişmələri üçün vasitəçi olmuşuq. Azərbaycan dili başda olmaqla, rus və ingilis dillərini mükəmməl səviyyədə bilirlər. Çox xoşbəxtəm ki, övladlarımı istədiyim kimi yetişdirə bilmişəm, nüfuzlu təhsil müəssələrində oxumaları üçün onlara şərait yaratmışam. Oğullarımdan şikatəyim yoxdur, bəzi ulduzların övladları kimi harınlayıb qudurmayıblar. Öz davranışları, hərəkətləri, danışıq tərzi və savadları ilə nümunə ola biləcək məşhur uşaqlarıdır”.
Sənətçi etiraf edib ki, övladlarının təhsilinə böyük pullar xərcləyib, lakin buna görə qətiyyən peşman deyil:
“İsveçrə yaşamaq üçün dünyanın ən bahalı ölkələrindən biridir. Təbiidir ki, böyük oğlumun təhsilinə çox pul xərcləmişəm. Lakin valideynlərə demək istəyirəm ki, təhsilə pul xərcləməkdən qorxmasınlar. Çünki təhsil özü bir kapitaldır, xəzinədir. Ona qoyulan pul itmir. Həm uşaq savad alır, həm də onun gələcəyi sığortalanmış olur. Eyni zamanda, öz ölkəsinə və xalqına layiqli vətəndaş olur. Ən çox xərcim İsveçrədə oxuyan oğlumun təhsilinə çıxıb. Devalvasiyadan əvvəl bunun fərqinə varmırdıq, dolların qalxmasından sonra isə çox əziyyət çəkdik. Nə qədər xərcim çıxdığını dəqiq bilmirəm, yalnız onu deyə bilərəm ki, həddən artıq böyük məbləğdir. Bu, nə 100 min, nə də 200 min manat deyil, yüksəkdir. İsveçrədə təhsil haqqı yüksək olsa da, verdikləri təhsilin də səviyyəsi əladır. Odur ki, məbləğ məni heç vaxt narahat etməyib, əsas odur ki, oğlum cəmiyyət üçün faydalı və savadlı insan olsun. Onların təhsildə öz qanunları var. Kimliyindən asılı olmayaraq, oxumalısan. İmtahanlar kəsildikdə həmin ilin pulunu verib əlavə bir ili yenidən təhsil almalısan. Bu qanunlara tabe olmayanlarsa, universiteti tərk edir”.
Müğənni onu da əlavə edib ki, onun üçün insani dəyələr də ən az təhsil qədər əhəmiyyət kəsb edir:
“Çalışdım ki, oğlanlarıma təhsillə yanaşı, müsbət insani keyfiyyətləri aşılaya və onları təkmilləşdirə bilim. Ümumiyyətlə, maddi durum imkan vermirsə, xaricdə təhsil almaq mütləq deyil. Öz ölkəmizdə də gözəl təhsil verən ali təhsil ocaqları var. Ancaq tələbənin oxuyub, oxumayacağı sual altındadır. Bəzən valideynlər sırf ad-san naminə övladlarının universitetə qəbul olmasını istəyir. Uşaq da universitetə girdikdən sonra oxumur, diplomu da güc-bəla ilə alır. O diplom elə-belə alınmalı deyil, sənin diplomun beynində olmalıdır. Əgər beynində savad yoxdursa, diplom almağa dəyəməz”.
Tanınmış ifaçı sonda onu da vurğulayıb ki, övladları xaricdə təhsil alsalar da, onlara Azərbaycan tarixi, ədəbiyyatı, musiqisi, mədəniyyətini ilə bacardığı qədər məlumat verə bilib: “Azərbaycan tarixini, Fikrət Əmirov, Qara Qarayev, Üzeyir Hacıbəyov kimi dahi bəstəkarları, o cümlədən Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Cəlil Məmmədqquluzadə kimi yazıçıları tanımamaq öz mədəniyyitinə qarşı hörmətsizlikdir. Hər bir azərbaycanlı gəncə tövsiyə edirəm ki, ölkəmiz haqqında məlumatlı olsunlar. Məsələn, ailəmlə başqa ölkəyə gedəndə xarici turistlərlə ünsiyyətdə oluram. Çalışıram ki, söhbət zamanı onlara vətənimiz haqqında danışım, az da olsa ölkəmizi tanıdım, onda xoş təsəvvürlər yaradım. Bu, özü bir tanıtım, mənimsə vətəndaşlıq borcudur. Odur ki, universitetə boşuna ayaq döymək lazım deyil, əgər qəbul olmusunuzsa, savadınızı da inkişaf etdirməyə davam edin”.