Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsindəki Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmlərin arxeologiyası: Şumerlər və arifmetikanın mənşəyi” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib.
Elmi konfransda iştirak edən Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin direktoru, Türk dünyasının böyük yazarı, yazıçı-ədəbiyyatşünas, ictimai-siyasi xadim Oljas Süleymenov bütün tədbir iştirakçılarını salamlayaraq onlara tədbirin mahiyyəti haqqında geniş məlumat verib.
Türk dünyasının bir çox alimlərinin və elm işçilərinin iştirak etdiyi konfransda 1-ci Qarabağ müharibəsinin şəhidi – qazax oğlu Yerbol Barımbetov haqqında nəşr edilən kitabın təqdimatı da keçirilib. Kitabda Yerbol Barımbetovun igidliyindən, onun Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda qəhrəmancasına vuruşmasından, öz canından dost və qardaş Azərbaycan üçün keçməsindən bəhs edilib.
Konfransda Oljas Süleymenov şəhid Yerbol Barımbetov haqqında kitabı nəşr etdirən, onun ailə üzvlərinə Almatı şəhərində mənzil hədiyyə edən, həmçinin Qazaxstanda baş vermiş daşqınlar nəticəsində zərər görmüş vətəndaşlara öz büdcəsindən humanitar yardım göstərən azərbaycanlı iş adamı Yusifov Amil Turab oğlunu kürsüyə dəvət edərək ona tədbir iştirakçıları adından təşəkkür edib.
Siyasi xadim gənc iş adamının ictimai fəaliyyətini yüksək qiymətləndirdiyini, onun bu təşəbbüslərinin Azərbaycan Qazaxıstan dostluğunun möhkəmlənməsinə, hər iki xalqın bir-birinə olan bağlılığının artırılmasına xidmət etdiyini bildirib. O, bu nəcib işlərinə görə Amil Yusifovu Oljas Süleymenov adına “Xalqlar Dostluğu” mükafatı ilə təltif edib.
Təltifetmə mərasimindən sonra konfrans iştirakçıları ilə birlikdə xatirə şəkili çəkdirilib.