Ən böyük arzum böyüklər arasında dünya çempionu olmaqdır.
Bunu “Report”a açıqlamasında Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında qızıl medal əldə edən Azərbaycan cüdoçusu Hüseyn Allahyarov deyib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançı birinci olduğu üçün çox sevindiyini bildirib:
“Məqsədim yalnız qızıl mükafat əldə etmək idi. Turnirə gedəndə də ancaq bu barədə düşünürdüm. Hətta gümüş medal barədə fikirləşmirdim”.
Allahyarov qısamüddətli hədəflərindən də söz açıb:
“İndi “Böyük Dəbilqə” yarışlarında iştirak etmək və orada da medalçılar sırasına düşmək istəyirəm. Hər bir cüdoçu kimi, mən də Avropa, dünya və olimpiya çempionluğunu qarşıma məqsəd qoymuşam”.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri U-23 Avropa çempionatında iki qızıl, bir gümüş və iki bürünc mükafat əldə ediblər. Hüseyn Allahyarovla yanaşı, Fidan Əlizadə (57 kq) də çempion olub. Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) ilə Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.