Editor.az media qurumunun rəhbəri Fərid Şahbazlı və Tribunainfo.az media qrupunun rəhbəri Əlişir Əhəd Belarusun paytaxtı Minsk şəhərində səfərdədir.
Tribunainfo.az xəbər verir ki, səfər çərçivəsində baş redaktorlar Belarusun nüfuzlu media qurumlarını ziyarət etməkdə davam edirlər.
Belarus jurnalistləri ilə ilk görüş “Veçerniy Minsk” Media qrupunda baş tutub. Azərbaycanlı jurnalistlər media qrupunun rəhbəri, Belarus Jurnalistlər İttifaqının sədri Andrey Krivoşeyev və heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Çıxış edən azərbaycanlı və belaruslu jurnalistlər iki ölkə arasında bütün istiqamətlər üzrə yüksək dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd ediblər.
Bildirilib ki, Azərbaycan və Belarus arasında media sahəsində də əməkdaşlığın böyük potensialı var.
Qeyd olunub ki, hər iki ölkənin jurnalistləri və media qurumları arasında ortaq media layihələrinin keçirilməsinə və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasına ciddi ehtiyac var.
Görüşdə çıxış edən azərbaycanlı jurnalistlər ölkəmizdə keçiriləcək beynəlxalq COP29 konfransın əhəmiyyətindən söz açıb.
Eyni zamanda Azərbaycanın tədbirə hazırlığından bəhs ediblər.
Belaruslu jurnalistlər isə bu ölkədə baş tutacaq parlament seçkilərinin ölkənin taleyi üçün əhəmiyyətli olduğunu və azərbaycanlı həmkarları bu mövzuya diqqət ayırmalarının vacibliyinə diqqət çəkiblər.