Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə yazıçının yaxınları bildirib.
Qeyd edək ki, bu günlərdə insult keçirən M.Süleymanlı xəstəxanaya yerləşdirilmişdi. O, əməliyyat olunsa da vəziyyəti ağır idi.
Qeyd edək ki, Mövlud Süleymanlı 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı “Cücəkənd”) doğulub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub, 1967-ci ildə oranı bitirib.
Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun “Əllərim” adlı ilk şeiri 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Ədibin “Bir ünvan” adlı şeir kitabı da nəşr olunub.
M. Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb.1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” hekayələrindən ibarət 1979-cu ildə “Ayın aydınlığında” kitabı işıq üzü görüb. Bu hekayələr M. Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıdıb.
Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edib. Onun “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.
1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan M.Süleymanlı “Şöhrət” və”Şərəf” ordenləri laureatıdır.