Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib.
“Report”un məlumatına görə, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla bərabərə qalıb. Heç bir şahmatçının üstünlüyünün olmadığı partiya heç-heçə ilə yekunlaşıb. İlk görüşdə də bərabərlik qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirəcək.
Nicat Abasovun niderlandlı Aniş Giri ilə görüşündə də eyni nəticə qeydə alınıb. İlk qarşılaşmada olduğu kimi cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi avqustun 7-si tay-brekdə məlum olacaq.
FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla sülhə razılaşıb. Hər iki şahmatçı tay-brekdə qarşılaşacaq.
20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli ABŞ şahmatçısı Rey Robsona uduzmaqla Dünya Kubokunda mübarizəni dayandırıb. Qədir Hüseynovla Lenyer Dominges arasında partiya heç-heçə ilə başa çatıb. İlk görüşdə qalib gələn ABŞ şahmatçısı ümumi nəticəyə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.