Bu barədə sosioloq Lalə Mehralı Tribunainfo.az-a bildirdi ki, bəlkə də mental dəyərlər olmasa vəziyyət indikindən daha təhlükəli olardı. Elə hallar, elə hadisələr var ki, mental baxışa, stiqmaya görə baş vermir, törədilmir, cəmiyyətin qınağından ehtiyat edilir:
“Hər gün efirdə göstərilən biabırçılıqlar, nümayiş edilən ailə problemləri, sosial şəbəkələrdəki rüsvayçı canlı yayımlar mental qısnamaların olduğu zamanda baş verir, cəmiyyətin mental dəyərlərin olmadığını düşünün və nələr ola biləcəyini təsəvvür edin.
Evli qadın körpə uşaqlarını atıb başqa kişi ilə qaçır, adi qarşılanır. Arvadı evdən qaçan kimi efirdə ağlayır, arvadına yalvarır, adi qarşılanır. Evli kişi ailəsini atıb qızı yaşda biri ilə qeyri-qanuni yaşayır, normal qəbul edilir. Sevgilisi ilə əlbir olub azyaşlı övladını öldürən qadınlar, arvadı ilə birləşib anasını öldürüb zirzəmidə basdıran kişilər gördük biz, təəssübləndik, qınadıq, heyrət etdik, amma həyatımıza davam etdik. Bir növ immunitet yarandı bizdə. Artıq mental dəyərlərin adı var, özü yox.
Hər gün adiləşən vəziyyət olduqca təhlükəlidir. Əvvəl cəmiyyətin nə deyəcəyindən, qınaqdan ehtiyat edən insanlar indi bunu önəmsəmir. Canlı yayım açıb söyüşlə danışmaq, ən məhrəm mövzularda söhbət etmək, insest münasibətlərini çəkinmədən müzakirə etmək adiləşib”