Azərbaycanın Qarabağda yeni strategiyası: “Yorucu müharibə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk Qrupu həmsədrləri iyunun 19-da Bakıda olub, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşüb.  

ATƏT-in Minsk Qrupu həmsədrləri iyunun 19-da Bakıda olub, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşüb. 

Həmsədrlər bir müddət əvvəl də Ermənistanda və Dağlıq Qarabağa da səfər etdilər.

TİA.AZ xəbər verir ki, Atlas Araşdırma Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu həmsədrlərin səfərini şərh edir.

“Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərləri və keçirdikləri görüşlərlə bağlı ortaq bəyanat yaydılar. Bəyanatda həmişəki kimi ümumi cümlələr yer aldı. Buna baxmayaraq, bəyanatdakı iki fikir diqqəti cəlb etdi.

Birinci fikir: “Həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək, vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar”.

Bu cümlələrdən belə anlaşıla bilər ki, həmsədrlər hər tərəfi məsuliyyətli olmağa çağırır. Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər.

İkinci fikir: “Həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək, vicdanla iştirak etməyə çağırıblar”.

Bu cümlə isə o deməkdir ki, həmsədrlər tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar. Həmsədrlər bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”.

Politoloq deyir ki, Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb: “Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı “mərhələli həll” planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən genişmiqyaslı müharibənin müəyyən riskləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: İşğalçıya qarşı yorucu müharibəni genişləndirmək. Nədir yorucu müharibə?

Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daima hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir. Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin. Azərbaycan istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifa etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı sılahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya prezidenti Vladimir Putin müsahibələrində də gizlətmir. Əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Azərbaycanın Rusiyadan daha çox əsası var. Çünki torpaqlar işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Fizulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz. Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana aidiyyatı olduğunu qəbul edir”.

E.Şahinoğlu deyir ki, Ermənistan mürəkkəb vəziyyətdədir. Belə ki, rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəriləyə biməsin, digər tərəfdən həmin ərazilərdə itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir:

“Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükəli bölgələrdə yerləşdirilir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq haqqından istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın yorucu müharibəni işğalçıya diqtə etməkdə əsas məqsədi də elə budur”.

İlahə