backend

Azərbaycanın işğalından 97 il keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 97 il keçir. 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 97 il keçir.

Müstəqilliyin əldə edilməsi və onun yaşadılması Azərbaycan Xalq Cümhuriyyəti üçün asan olmadı. Ölkə yarandığı gündən etibarən müxtəlif təhdidlərlə üzbəüz qaldı. Osmanlının süqutu Bakının özünümüdafiə ilə bağlı ümidlərini alt-üst etdi. Azərbaycan müttəfiq dövlətlərindən Rusiyaya qarşı mübarizədə yardım istəsə də, buna müsbət cavab ala bilmədi. Əksinə, müttəfiqlər (Fransa, Böyük Britaniya, ABŞ) Azərbaycanın tanınmasını gecikdirdilər. Bu isə ölkədəki vəziyyəti daha pisləşdirdi.

Rusiyada kommunistlərin hakimiyyətə gəlməsi Avropa dövlətlərini narahat edirdi. Kommunistlər artıq ölkədə özlərinə rəqib olan bütün qüvvələri zərərsizləşdirə bildilər. Tezliklə, Qafqaza yol açıldı.

Azərbaycanda isə hökumət böhranı davam edirdi. AXC 1920-ci ildə Kommunist Partiyasının ölkədə yaranmasına izn verir. Mikoyan rəhbərliyində yaradılan partiya Rusiyanın ölkədəki 5-ci kolonu rolunu oynamağa başladı. Üstəlik, parlamentdə İttihad Partiyası da Müsavatla münasibətlərini kəskinləşdirdi. Nəticədə onlar Müsavat əleyhinə kommunistlərlə birləşməyə çalışdılar.

Ən maraqlı məqam isə Məhəmməd Həsən Hacınski ilə yaşandı.

Rusiya ilə yaxınlaşmağın tərəfdarı olan Hacınskinin əsas rəqibi Fətəli Xan Xoyski idi. Xoyski Azərbaycanda güclü hakimiyyətin yaradılmasını, Daxili İşlər naziri M.H.Hacınskinin istefa verməsini, parlamentin buraxılmasını, hökumətə ölkənin müdafiəsi üçün fövqəladə səlahiyyətlər verilməsini və yaxın altı ay ərzində Ümumazərbaycan Müəssislər Məclisinə seçkilərin keçirilməsini tələb edirdi. F.X.Xoyski və tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefasına nail olsalar da, o, ticarət naziri kimi hökumətin tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan gözləməyə başladı. Belə bir imkan tezliklə ələ düşdü. Qarabağdakı daşnak qiyamından istifadə edən Rusiya təmayüllü qüvvələr N.Yusifbəyli hökumətini ölkədə qayda-qanun yaratmaq iqtidarında olmamaqda günahlandıraraq, istefa verməyə məcbur etdilər. Yeni hökumətin təşkili M.H.Hacınskiyə tapşırıldı.

Hökumət rəhbəri olan Hacınski kommunistlərlə əlaqəyə girdi. Hacınski bu partiyanın sıralarına daxil olmağı onlara təklif etdi. Kommunistlərdən rədd cavabı aldı, amma onlar Hacınskini dəstəkləyəcəklərini bildirdilər. Məhz onun hökumətin qurulmasını gecikdirməsi ölkədəki böhranı daha da dərinləşdirdi. Moskva isə bu imkanı əldən vermədi.

Tezliklə Moskvanın dəstəyi ilə Azərbaycanın qərb regionunda – Göyçə, Zəngəzur, Dərələyəz, Naxçıvanda erməni terrorçularının aktiv fəaliyyətə keçdiyi məlum oldu. Hökumət ordunun böyük bir hissəsinin buraya göndərilməsini qərara aldı. Nəticədə ölkənin şimal sərhədləri müdafiəsiz qaldı.

Ruslar qısa zaman çərçivəsində Denikinin Şimali Qafqazdakı birliklərini məğlub edərək Dərbəndə yaxınlaşdılar.

Moskvanın əmri ilə XI Qızıl Ordu Azərbaycana girməzdən əvvəl kommunistlər qiyam təşkil etməli, Rusiya isə bu bəhanə ilə Bakıya girməli idi. Lakin kommunistlərin qiyamı zamanında baş tutmadı.

1919-cu ilin iyununda Gürcüstanla imzalanan hərbi müttəfiqlik haqqında müqaviləyə Tiflis əməl etmədi. Onlar Gürcüstanın müstəqilliyinin tanınması üçün Moskva ilə separat danışıqlara başlamışdılar. Belə bir məqamda isə Rusiya Bakıya daxil olma fürsətini əldən vermədi. Ölkədə qan tökülməsinin qarşısını almaqdan ötrü parlament 1920-ci il aprelin 27-də hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar çıxardı. Bunun üçün Moskva qarşısında bu şərtlər irəli sürülmüşdü:

1) Rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3) Azərbaycan ordusu olduğu kimi saxlanacaq;

4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi təmin olunacaq;

5) Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6) Azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə şəklini təyin edəcək.

Beləliklə aprelin 28-də AXC-nin süqutu və Azərbaycanda sovet hakimiyyətinin qurulması elan edildi.

Ruslar təbii ki, Azərbaycan parlamentinin bu təkliflərinin heç birinə əməl etmədilər və faktiki olaraq, Azərbaycanı işğal etdiklərini təsdiqlədilər. Tezliklə AXC üzvləri təqib edildi, öldürüldü və ölkədən didərgin salındı.

1922-ci ildə qurulan SSRİ isə ölkədə kütləvi şəkildə qırmızı terrora başladı.

Azərbaycana firavan həyat gətirəcəyini söz verən Moskva Zəngəzuru, Meğrini və Göyçəni Ermənistana verməklə, faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kv.km-lik ərazisini parşaladı və 86,6 min kv.km-lik ərazi qaldı. Bundan başqa, Dağlıq Qarabağda ermənilər üçün muxtar vilayət də yaradıldı.

Yalnız 71 il sonra – 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa etdi.