Azərbaycanın iri avtomobil istehsalçısı və idxalçısının vergi borcu 3 milyon manata çatır

Azərbaycanın iri avtomobil istehsalçısı və idxalçısının vergi borcu 3 milyon manata çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “Azərmaş” adı altında avtonəqliyyat vasitələrinin yığımı, istehsalı və satışı ilə məşğul olan 13 şirkət var ki, onların 3-nün birlikdə vergi borcu 2 milyon 869 min 434 manat, 23 qəpiyə çatıb.

Tribunainfo.az “PostMedia”ya istinadən xəbər verir ki, bu şirkətlər Neftçala və Hacıqabul Sənaye Məhəllələrində fəaliyyət göstərir.

Məlumata görə, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalının boyaq, qaynaq və yığım işlərini həyata keçirən “Azərmaş CP” MMC-nin təkcə vergi borcu 2 milyon 598 min 986 manat, 26 qəpikdir. Nizamnamə kapitalı 100 manat olan şirkət 2018-ci ildə təsis edilib və qanuni təmsilçisi Özbəkistan vətəndaşı Otabek Uluqbekoviç Salıyevdir. O həm də “UzAuto Motors”un (CEO) Baş İcraçı Direktorudur.

Nizamnamə kapitalı 3 milyon 10 manat olan “Azərmaş Group” MMC-nin vergi borcu isə 244 min 6 manat 43 qəpikdir. 2019-cu ildə yaradılan şirkətin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur.

2020-ci ildə yaradılan “Azərmaş Alyans” MMC-nin isə 26 min 441 manat 54 qəpik büdcəyə borcu var. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilisi Mehdiyev Ramiz Saday oğludur.

“Azərmaş” ASC, “Azərmaş” MMC, “Azərmaş Park” MMC, “Azərmaşavadanlıq” ASC, “Azərmaş sənaye” MMC, “Azərmaş trade” MMC, “Azərmaş Lizinq” MMC, “Azərmaş Avtoservis” MMC, “Azərmaş Pro” MMC və “Azərmaş auto” MMC-nin isə vergi borcu yoxdur.

 

Xatırladaq ki, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobillərinin, Hacıqabul Sənaye Məhəlləsində isə “Chevrolet” markalı minik avtomobilləri və Yaponiyanın “İSUZU” brendinin avtobusları və pikapları istehsal edilir.