Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən və ən iri şirkətlərdən biri hesab olunan “Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qeyri-qanuni işçi çalışdırmaqda ittiham edilir.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.
192.1-ci maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimələnir.
“Azinvest İnşaat” QSC 23 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Seyidməmmədov Anar Tofiq oğludur.
Mediada gedən məlumatlara görə, şirkətin sahibi Azərbaycanın gənclər və idman naziri olmuş mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurovdur.
Azad Rəhimov 2006-2021-ci illərdə Azərbaycanın gənclər və idman naziri olub. O, 30 aprel 2021-ci ildə nazir vəzifəsində olarkən dünyasını dəyişib.