“Çinlə Azərbaycan əlaqələri strateji xarakter alır. Bu da dünyanın bir nömrəli iqtisadi gücü ilə münasibətlərin daha da inkişafına səbəb olacaq”.
Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərini və imzalanan Birgə Bəyannaməni dəyərləndirən deputat bildirib ki, bundan sonra Bakı-Pekin əlaqələri yüksələn xətlə inkişafda olacaq.
Millət vəkili bütün sahələr üzrə əməkdaşlığın genişlənəcəyini bildirib: “Cənab Prezident Çində yüksək səviyyədə qarşılandı. Möhtərəm İlham Əliyevin qarşılanma mərasimində “Ey Vətən” mahnısının səsləndirilməsi də Çin dövlətinin Azərbaycana, onun rəhbərliyinə olan ehtiramından irəli gəlir”.
M.Məmmədov hesab edir ki, Prezident İlham Əliyev çoxşaxəli xarici siyasət yürüdür və Azərbaycan həm Şərqə, həm Qərbə açılır: “Çin iqtisadi gücdür və ABŞ onunla rəqabətdədir. Belə bir potensiala malik ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq statusunda əlaqələr yaratması bizim üçün uğurdur, iqtisadi dividendlər vəd edir.
Eyni zamanda, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin əhəmiyyəti cəhətdən Azərbaycan-Çin əlaqələrinin inkişafı labüddür. Sözsüz ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin yeni səhifəsini açmış oldu”.
Deputatın fikrincə, möhtərəm prezidentin qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir: “Təsadüfi deyil ki, hələ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
Bundan başqa, Azərbaycan və Çin arasında imzalanmış sənədlər sırasında bərpaolunan enerji sahəsində əməkdaşlıq anlaşmaları mühüm yer tutur. Azərbaycanın Energetika Nazirliyinin iştirakı ilə Çin və Azərbaycan şirkətləri arasında imzalanmış sənədlər “yaşıl enerji” mənbələrinin istehsalı, emalı və ötürülməsini, bu sahədə güc infrastrukturlarının qurulmasını, dayanıqlı potensialın şaxələndirilməsini nəzərdə tutur”.
Deputat son olaraq deyib ki, Çin şirkətləri işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında da iştirak etmək imkanlarını artırmaq niyyətindədir: “Zəngilan və Ağdamda inaş edilən infrastrukturlarda Çin texnologiyalarından geniş istifadə edilir və yaradılmış əlverişli şərait çinli iş adamlarını burada günəş elektrik stansiyası və digər infrastruktur obyektlərini icra etməyə həvəsləndirir. Bu isə prosesə cəlb olunmuş Çin şirkətlərinin Qarabağın investisiya quruculuğunda iştirakının genişlənməsindən xəbər verir”.
Roman