Azərbaycanın dəmiryol, poçt-teleqraf naziri – Xudadat bəy Məlikaslanov

Azərbaycanın dəmiryol, poçt-teleqraf naziri – Xudadat bəy Məlikaslanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda, ümumilikdə, yol nəqliyyatı sisteminin formalaşmasında, dəmiryolunun inkişaf etdirilməsində görkəmli dövlət xadimi Xudadat bəy Məlikaslanovun böyük xidmətləri olmuşdur.
X.Məlikaslanov 1879-cu ilin aprelində Şuşanın Tuğ kəndində anadan olub. O, 1899-cu ildə Şuşa Realnı məktəbini bitirərək, Sankt-Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuşdur. 1904-cü ildə ali təhslini birinci dərəcəli diplomla başa vurmuşdur. Xudadat bəy 1901-1904-cü illərdə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuş və təşkilatın Peterburq Komitəsində çalışmışdır. Sonradan o, RSDFP sıralarından uzaqlaşmış və ömrünün sonunadək heç bir partiyanın üzvü olmamış, bitərəf qalmışdır.
X.Məlikaslanov institutu bitirdikdən sonra Voloqda-Petrozavodsk dəmiryolu çəkilişi ilə əlaqədar 6 aya qədər Peterburqda işləmişdir. O, 1905-ci ildə Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu idarəsində stansiya rəisinin köməkçisi işləmişdir. Sonradan Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram aşırım keçidində yol xidməti rəisinin köməkçisi, daha sonra isə rəis təyin edilmişdir.
1906-cı ildə X.Məlikaslanov rus millətindən olan Mariya Viktorovna ilə ailə həyatı qurmuşdur.
1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra mart ayının 9-da X.Məlikaslanov Tiflisdə Zaqafqaziya Dəmiryolu üzrə müvəkkil təyin edilmişdir. O, 1917-ci ilin noyabrın 15-də Zaqafqaziya Komissarlığında Dəmiryolu Nəqliyyatı Nazirliyi üzrə komissar, 1918-ci ilin aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Federativ Respublikası Hökumətində Dəmiryol (nəqliyyat) naziri olmuşdur. 1918-ci ildə onun Tiflis dəmiryolu nəqliyyatı tarixinə həsr edilən kitabı rus dilində nəşr edilmişdir.
X.Məlikaslanov bu dövrdə Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminin üzvü idi və toplantılarda da  iştirak edirdi.
Keçirilən gizli səsvermədən sonra Batumda Osmanlı Türkiyəsi təmsilçiləri ilə danışıqlar aparan M.Ə.Rəsulzadə Milli Şuranın Sədri seçildi.
1918-ci ilin mayın 28-də Qafqaz canişinliyinin sarayında H.Ağayevin sədrliyi və M.Mahmudovun katibliyi ilə keçirilən Müsəlman Milli Şurasının iclasında Azərbaycanın istiqlalının elanı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan istiqlalı elan edilməsi qərarına imza atan 22 nəfərdən (24 nəfərdən 2-si bitərəf qalmışdı) biri də Xudadat bəy Məlikaslanov olmuşdur.
Bu qərarın qəbulundan sonra Milli Şura F.X.Xoyskiyə birinci Müvəqqəti Hökuməti yaratmağı tapşırdı. Bir saatlıq fasilədən sonra F.X.Xoyskinin yaratdığı 9 nəfərdən ibarət olan hökumətin tərkibinə X.Məlikaslanov da daxil edildi. O, bu Hökumətdə Yollar və Poçt-Teleqraf  naziri vəzifəsini icra edəcəkdi.
X.Məlikaslanov yüksək təşkilatçılıq qabiliyyətinə malik kadr olmuşdur. Bu keyfiyyətlərinə görə Nazirlər Şurasının Sədri N.Yusifbəyli onu həm də özünə müavin təyin etmişdir. X.Məlikaslanov 1919-cu ilin iyunun 11-də yaradılan Respublika Dövlət Müdafiə Komitəsi Sədrinin birinci müavini idi.
Onun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçilən ilk Dəmiryol nəqliyyatı məktəbi açılmış, Azərbaycan dəmiryolunda təmir işləri görülmüş, nəqliyyatın nizamlı çalışması qaydaya salınmışdır.
1919-cu ilin aprelində Nazirlər Şurasının göstərişi ilə, X.Məlikaslanovun rəhbərliyi altında xüsusi komissiya tərəfindən latın əlifbasına keçmək üçün layihə hazırlanıb parlamentə təqdim olunsa da, təsdiqi müvəqqəti olaraq dayandırılmışdı.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında nəqliyyat əlaqələrinin möhkəmlənməsində X.Məlikaslanovun böyük rolu var idi. Məlumdur ki, 1918-ci ilin 26 dekabrında Azərbaycanla Gürcüstan arasında ayrıca müqavilə, 1919-cu ilin martın 18-də isə dəmiryolu rabitəsi haqqında digər bir saziş imzalandı. 1919-cu ilin aprelin 17-də Azərbaycan Dəmiryolu İdarəsi Batum şəhərində öz ticarət agentliyini yaratdı. Hətta tezliklə Bakı-Tiflis arasında sürət qatarının da işə salınacağı planlaşdırılırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın su yolları sahəsində də böyük inkişaf gedirdi. Azərbaycan Hökuməti Bakıya köçəndən sonra, 1918-ci ilin oktyabrın 30-da Bakı Ticarət limanı idarəsinin fəaliyyətinin bərpası nəticəsində ticarət gəmiləri vasitəsi ilə Mahaçqala, Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınmasına şərait yarandı. 1919-cu ildə Bakı-Batum neft kəməri bərpa olundu və neftin böyük satış bazarına çıxarılması təmin edildi.Bakıdan Xəzər dənizi ilə Salyana, Lənkərana, Ənzəliyə, Port-Petrovska (Mahaçqalaya),Həştərxana gəmilər işləyirdi.Həmin vaxt Xəzər Dəniz Donanmasındakı buxar gəmilərinin sayı 17-yə çatmışdı.
X.Məlikaslanovun Yollar naziri olduğu dövrdə − 1919-cu ilin iyulun 15-dən başlayaraq Bakı − Batum istiqamətində 4-cü qatar, Bakı Port-Petrovsk (Mahaçqala) istiqamətində isə hər gün 4 cür qatar hərəkət edirdi.
X.Məlikaslanov 1919-cu ilin dekabrın 24-dən 1920-ci ilin fevralın 18-nə qədər paralel şəkildə Ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir vəzifəsini də icra etmişdir.
X.Məlikaslanov Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün nəqliyyat sahəsinin inkişafına önəm verirdi. Bu sahədə o, yeni dəmiryolu xətlərinin açılmasını vacib sayırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid arxiv sənədlərindən məlum olur ki, X.Məlikaslanov fəal nazir olaraq Azərbaycan bölgələrinə də tez-tez gedir, problemləri həll etməyə çalışırdı. 1919-cu ilin iyunun 7-də Nazirlər Şurasının Sədri N.Yusifbəyliyə göndərdiyi teleqramda onun Şuşada olduğu, Bakıya gəlmək üçün icazə istədiyi qeyd edilirdi.
Nazirlər Şurasının Sədri N.Yusifbəylinin Bakıya- X.Məlikaslanova göndərdiyi bir teleqramda Hərbi nazirlə razılaşma əsasında general Teymur bəy Novruzovun atlı diviziyasının rəisi təyin edilməsi xəbərinin təcili olaraq Hökumətə çatdırılması xahiş edilirdi.
Tanınmış dövlət xadimi X.Məlikaslanovun siyasi fəaliyyətinin əsas dövrünü onun Azərbaycan Parlamentindəki çıxışları təşkil edir. Parlamentin 1919-cu ilin 4, 5, 6 fevralında keçirilən 12, 13, 14 iclaslarında müzakirə edilən 6 əsas məsələdən biri Dəmiryol qulluqçuları ilə bağlı idi. Müzakirəyə təqdim olunan qanun layihəsi belə adlanırdı: “Dəmiryol qulluqçularının vəziyyətini yaxşılaşdırmaq üçün qanun layihəsi”. Bu qanun layihəsi ilə bağlı Dəmiryolu nəqliyyatı və Poçt-Teleqraf  naziri olan X.Məlikaslanov məruzə etdi.
Parlamentin fevralın 6-da keçirilən iclasında ilk söz X.Məlikaslanova verildi. O, neft haqqında Hökumət adından müəyyən fikirlərini bildirdi: “Bizim məmləkətimizi məşhurlaşdıran və hətta bir çox düşmən qazandıran bir sərvətimiz var: neft”. O, ildə 500 milyon pud neftin Azərbaycanda hasil olduğunu, az bir hissəsinin Batuma, qalanının isə Rusiyaya göndərildiyini, hazırda isə Batuma dəmiryolu ilə 20 milyon pud, neft kəməri ilə 50 milyon pud göndərildiyini və yolun olmamasından Rusiyaya neft göndərməyin qeyri-mümkünlüyünü qeyd etdi.
Azərbaycan Parlamentinin  1919-cu ilin 11 dekabrında keçirilən 106-cı iclasında 14-ə qədər məsələnin müzakirəsi nəzərdə tutulmuşdu. Toplantıda “Xam malların Azərbaycan daxilindən xaricə çıxarılması şəraiti haqqında” təqdim edilmiş qanun layihəsi geniş müzakirəyə səbəb oldu. Abuzər bəy Rzayev əsas məruzəni etdikdən sonra Rza bəy Ağabəyov, Sultan Məcid Qənizadə, Hacı Kərim Sanıyev, Yusif Əhmədov, Muxtar Əfəndizadə, Ağa Əminov, erməni fraksiyasından olan Arşaq Malxazyan çıxış etdilər. X.Məlikaslanov isə mövcud problemləri belə izah etdi: “Bu layihənin milyondan artıq xeyri var. İş buradadır ki, vəziyyətimiz gündən-günə ağırlaşır, ticarət azalır, Batumdan yol vermirlər, gəmi vermirlər, xarici banklar möhtəkirlik edir. Hökumət bu fəlakətdən qurtarmaq üçün çox şeylə imtahan edir. Bu halda resept yazmaq çox çətindir, necə ki, ərz eylədim, ticarət sərbəst deyil, yollar açıq deyil, xaric ilə əlaqəmiz düzgün deyil, teleqraf mübadiləsi yoxdur. Hökumət bu məsələni müzakirə etdi, bir fikrə gəldi ki,  ticarəti sərbəst edə bilmərik”.
X.Məlikaslanov qeyd etdi ki, Azərbaycan pulunu süni surətdə aşağı salanlar var və xarici valyuta olarsa, vəziyyətdən çıxmaq mümkündür. O, çıxışının sonunda bu qanunun qəbulunun vacibliyini parlament üzvlərinin diqqətinə çatdırdı.
Parlamentin 1920-ci ilin aprelin 8-də keçirilən 139-cu iclasında “Dəmiryol tariflərinin artırılması haqqında” olan qanun layihəsi ilə bağlı Ə.Əmircanov məruzə etdikdən sonra Qara bəy Qarabəyov fikir söylədi. O, çıxışında dəmiryolu sahəsindəki vəziyyəti ciddi tənqid edərək layihənin qəbuluna öz etirazını bildirdi.
Müzakirənin sonunda çıxış edən X.Məlikaslanov dedi: “Möhtərəm məbuslar! Qara bəyin danışığından belə çıxır ki, bizim əsla dəmir yolumuz yoxdur, o vaqonlar ki var, sanki bizim deyilmiş. Mən elə bilirəm ki, Qara bəy bu sözləri ürəkdən demədi. Hələ öz danışığından anlaşılır ki, həqiqətən ürəkdən danışmır. Siz özünüz bilirsiniz ki, biz bu dəmir yolunu nə əziyyət ilə başa gətirmişik. Dünyanın hər yerində dəmir yolları bu haldadır. Səbəbi də budur ki, paravoz çatmır, yollar xarab olmuş, yenisi də yoxdur. Biz belə çətinliklərə baxmayaraq, yenə bir şey yaratdıq. Gürcülərin məmurları, dəmir yol mütəxəssisləri çox idi, bizdə isə belə adamlar yoxdur. Ona görə biz dəmir yolunu yoxdan vücuda gətirmiş olduq”.
X.Məlikaslanov çıxışlardakı tənqidi məqamlara faktlarla cavab verdi və dəmir yolunun indiki zamanda əsgəri və ticarət işlərində ölkəyə fayda gətirdiyini əsaslandırdı. O, qeyd etdi ki, bu sahədə 86-ya qədər şəxsin işdən çıxarılıb məsuliyyətə cəlb olunması  intizamsızlıqla mübarizəmizi təsdiqləyən faktlardır.
Azərbaycanda ciddi dövlət quruculuğu prosesinin getdiyi bir zamanda  Rusiya bolşevikləri ölkəni işğal etdilər.
 1920-ci ilin aprelin 27-də Azərbaycan işğal edildikdən sonra X.Məlikaslanova ilk dövrlərdə göstərilən yaxşı münasibət sonradan dəyişərək onun həbsinə, daha sonra isə həbsxanada ölümünə səbəb oldu.
1921-ci ilin əvvəllərində X.Məlikaslanov Azərbaycan Dövlət Tikinti Komitəsində şöbə müdiri, sonra Komitə sədri vəzifəsində çalışdı. Sonradan o, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında Dəmiryol Tikinti İdarəsinin rəisi və Şuranın məsləhətçisi oldu.
X.Məlikaslanov texnika elmləri sahəsində də ilk azərbaycanlı professorlardandır. Bu illərdə onun Moskvada rus dilində bir neçə elmi məqaləsi və Azərbaycanda dəmir yolu sahəsinə aid iki kitabı nəşr edilmişdir (1927-1929-cu illərdə).
Sovet dövründə onun fəallığı ilə Culfa-Bakı dəmiryolu tikintisi sürətlənmiş, Sabunçu elektrik dəmir yolu tikintisinə başlanılmışdır.
Bəzi məlumatlara görə, istedadlı mühəndis olan X.Məlikaslanov tərəfindən Bakı metropoliteninin tikilməsi məsələsi ilk dəfə olaraq irəli sürülmüşdür.
Sovet dövləti Cümhuriyyət dövrünün bu istedadlı kadrından faydalanaraq müəyyən dövrdə ona çalışmaq imkanı yaratdı.
Sovet rejimi Azərbaycan Xalq Cümhuriyyəti qurucularına düşmən mövqeyindən yanaşırdı. X.Məlikaslanov 1920-ci ilin oktyabrın 30-da 2373 saylı həbs kağızı əsasında 308 saylı orderə əsasən xüsusi şöbənin əməkdaşı İsayev soyadlı şəxs tərəfindən həbs edildi.
İstintaq-arxiv işində saxlanılan 109 saylı anketdə bir məlumat da diqqəti cəlb edir: “Dəmir yolu sahəsində komissar vəzifəsində və sonra nazir işləyib, heç bir əmlakı olmayıb”.
Böyük vəzifələrdə çalışmış bir şəxsin haqqında sovet istintaq orqanının ciddi axtarışından sonra “onun heç bir əmlakı yoxdur” təqdimatı X.Məlikaslanovun vicdanlı və təmiz  insan olduğunu sübut edirdi.
X.Məlikaslanov həbs edildikdən sonra evində axtarış aparan şəxslər  aşağıdakılar idi: Mudrak (Xüsusi şöbə); İ.İsayev; Klavdiya Klenevskaya; İvan İqnatyev. Əslində Cümhuriyyət dövrünün nazirini həbsə alan və evini axtaran, istintaq edən bu insanların Azərbaycana heç bir aidiyyəti yox idi.
X.Məlikaslanov bir müddət həbsdə saxlanıldıqdan sonra azadlığa buraxıldı.
X.Məlikaslanov sovet dövründə ikinci dəfə 1930-cu ildə həbs olundu. Onu bu dəfə Azərbaycan Milli Mərkəzi ilə əlaqəsinə görə həbs etdilər. X.Məlikaslanov Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 64, 65, 66 və 68-ci maddələri üzrə cinayət törətməkdə ittiham olunurdu: “a. Qarşısına sovet hakimiyyətini devirmək və milli müstəqil Azərbaycanın yaradılması məqsədini qoymuş AMM-nin əksinqilabi Mərkəzi Komitəsinin üzvü olmaqda; b. AMM-nin nüfuzlu nümayəndələrindən biri kimi təşkilatın xaricdən aldığı göstərişlərin yerinə yetirilməsində fəal iştirak etməkdə; v. ASSR-nin dəmir yollarında və şosse yollarında ziyankarlıq və təxribat işlərinə rəhbərlik etməkdə…”.
İstintaqda ona qarşı olan təzyiqlərə baxmayaraq, X.Məlikaslanov ittihamları qəbul etməmişdir.
X.Məlikaslanov 1933-cü ilin ortalarında həbsdən azad olundu. O, bir müddət Azərbaycan Nəqliyyat İnstitutunda və İnşaat İnstitutunda çalışdı. 1934-cü ilin avqustunda onu, yenidən həbsə aldılar.
X.Məlikaslanov 1935-ci ilin iyulun 23-də həbsxanada vəfat etdi.
X.Məlikaslanovun həbsxanadakı ölümü ilə bağlı yaxın qohumu Mariya Fyodorovna Bakıda rus dilində çıxan “Vışka” qəzetinə açıqlamalar vermişdir. O, qeyd etmişdir ki, X.Məlikaslanov heç də həbsxanada yazılan rəydəki kimi “qəfildən” dünyasını dəyişməyib. Şahidlər danışır ki, onun ölümündə müstəntiq Gerasimovun günahı var və onu çox güman ki, “xalq düşməni” adı ilə aradan götürüblər.
Ailəsinin ciddi çalışmalarına baxmayaraq, X.Məlikaslanovun cənazəsini onlara vermədilər. Onu Çəmbərəkənddəki ümumi məzarıstanlıqda dəfn etdilər.
X.Məlikaslanovun ölümündən sonra onun ailəsini yaşadıqları geniş mənzildən (indiki Xaqani küçəsində olan Yazıçılar Birliyinin binasından) çıxarıb Şirşov küçəsindəki evə köçürdülər.
X.Məlikaslanovun xanımı Mariya Viktorovna 1966-cı ildə 86 yaşında Bakıda vəfat etdi. Onların övladları olmadığından X.Məlikaslanov bacısı oğlanları Xosrov və Lütfəlini oğulluğa götürüb saxlamış, böyütmüşdü. Onların savadlı, vicdanlı, zəhmətsevər böyüməsində X.Məlikaslanovun və xanımının ciddi rolu olmuşdur.
Qeyd edək ki, X.Məlikaslanovun qardaşı Teymur bəy də təhsilini Peterburq Yol İnstitutunda almış, əvvəl Azərbaycanda, sonra da mühacirətdə yaşadığı İranda dəmir yolu nəqliyyatının inkişafında mühüm rol oynamışdır.
NƏSİMAN YAQUBLU
TARİX   ELMLƏRİ  DOKTORU