Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan, erməni musiqiçi Gor Yepremyan tərəfindən mənimsənən “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) mahnısının plagiat versiyası “Youtube” platformasından silinib.
Tribunainfo.az -ın məlumatına görə, bir neçə gün öncə Azərbaycan Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi həmin mahnı ilə bağlı birgə bəyanat yaymışdı.
Bəyanatda mahnının Azərbaycana məxsus olduğu faktlarla sübuta yetirilmiş, müəllif hüquqlarını kobud şəkildə pozanların Ermənistan höküməti tərəfindən cəzalandırılması rəsmən tələb edilmişdi.
***
Məsələ ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Əqli Mülkiyyət Agentliyi yenidən birgə məlumat yayıb.
Qeyd olunub ki, Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.
Belə ki, tədbirlər çərçivəsində agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub.
Vurğulanıb ki, agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayəsi” İctimai Birliyi (RAYS) – https://rays.az/ tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilib.
“Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).
Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır. Nəticə barədə əlavə məlumat veriləcəkdir”, – məlumatda vurğulanıb.