Qədim miniatür sənətini bu gün də yaşadan, bu sənəti həyat tərzinə çevirən, ölkəmizi xarici ölkələrdə öz sənəti ilə təmsil edən Pəri Miniatür Tribunainfo.az-ın qonağı oldu.
Miniatür sənətinin incəliklərindən bəhs edən Pəri Miniatürün müsahibəsini təqdim edirik.
– Miniatür sənəti necə yaranıb? Tarixi barədə nə deyə bilərsiniz?
– Miniatür sənəti III və XVI əsrə qədər yüksəliş dövrü keçib. XIII əsrdə Çin-Uyğur rəssamlarının gətirdiyi qrafika və Bağdaddan Ərəb-Mesopatamiya rəngkarlığa gəlib və Təbrizdə üzvü hal alıbdır. Amma bununla da qalmayıb Təbrizdə, Səfəvilər imperiyası dövründə daha möhtəşəm məktəb yaranıb. Şah İsmayıl sənətə çox dəyər verdiyi üçün saray rəssamları olaraq çox geniş təşəkkül tapıblar. Qəzvində, Marağada, Təbrizdə və Yaxın Şərqdə çox güclü sənətkarlar ortaya çıxıb. Ancaq onlar təkcə saray rəsmləri çəkməklə də qalmayıblar, aristokratik həyatla bərabər həm də məişət mesajları, simvollarla gizli mesajlar veriblər əsərlərində.
-Miniatür sənətini necə sevdiniz?
-Rəssamlıq Akademiyasında müəllimimiz olan Faiq bəyi mən dahi hesab edirəm. Faiq müəllim mənim həyatımı dəyişib. O, mənə bu sənəti sevdirməklə mənim kumirimə çevrildi. Onun ötürdüyü sevgi ilə mən miniatür sənətinə aşiq oldum.
-UNESCO-da qeydiyyata alınmış miniatür sənətinin layiqli davamçılarından biri də sizsiniz. Bu barədə nə düşünürsünüz?
-Onlar yəqin ki, bu sənətin nə qədər möhtəşəm olduğunu duyublar. Bizim sənətimizi, dəyərlərimizi qiymətləndiriblər və qoruma altına alıblar. 2020-ci ili gözəlləşdirən hadisələrdən biri də miniatür sənətinin UNESCO-ya daxil edilməsi idi.
-Əsərlərinlə ölkəmizi Fransada da təbliğ etmisən. Bu necə baş verdi?
-2021-ci ildə Fransada çap edilən “Ghazals suivis de aphorismes” adlı kitabın illüstratoru olmuşam Orada Beynəlxalq forumda döş nişanı ilə də təltif edilmişəm. 4 ölkənin naziri ölkəmizə gəlmişdi. Burada, Azərbaycanda keçirilən Beynəlxalq forum 3 gün davam etdi.
-Müasir Miniatür sənətinin qədim miniatür sənətindən fərqi nədir?
-O vaxt rəssamlar kağızı, boyaları təbii vasitələrdən hazırlayırdılar. Təsəvvür edin kağızın üzərinə qızılı damlalar döyürdülər. Firuzəyi rəngi əldə etmək üçün yaqutu xeyli əzərək müxtəlif maddələrlə qarışdırırdılar. Bahalı kağızları saflorla, zəfəranla rəngləyirdilər. Fil sümüyü, billur və əqiqdən şagirdlər səhərdən axşama qədər sürtərək əldə edirdilər. Qızılı o qədər döyürdülər ki, siqaret kağızından da nazik olurdu. Onlara zərkub deyirdilər. Sonra verirdilər xəttata. Xəttat yazıları yazırdı, başqa biri çərçivə işinə baxırdı. Mənzərə çəkən ayrı olurdu. Bir işin üzərində dəstə ilə işləyirdilər. Məsələn saqqalı bir-bir işləyirdilər. Saqqalı çəkmək üçün 3 aylıq pişiyin əmgəyindən çıxarılan tükdən istifadə edilirdi. Miniatür sənəti oxşatma sənəti deyildi, məqsəd oxşatmaq deyildi. Müqəddəs şəxsləri çəkərkən onların üzü görünmürdü və onların başının üzərində alov rəsm edilirdi. Bu artıq koddur. Bir insanın başının ətrafında odun olması onun müqəddəs olmağına işarədir. Bir gəncin yanında mürəkkəbqabı varsa, bu alimdir. Rəsmdə sərv ağacı varsa, Allah deməkdir. Paltarında yamaq olan bir şəxs təsvir edilibsə demək ki, bu adam qələndərlidir, dərvişdir. Dünya malına arxa çevirmişdir. Armud təvazökarlıq deməkdir, salxım söyüd aşiqin ifadəsidir.
-Bəs siz öz əsərlərinizdə simvoldan, koddan istifadə edirsinizmi? Gizli mesajlar ötürürsünüzmü? Bu fərqində olmadan baş verir yoxsa bilərəkdən mesaj ötürülür?
-Çalışıram ki, mən də əsərlərimdə simvoldan istifadə edim. İki detalı bir yerə qoyanda, bir elementlə digəri yaxınlaşanda onların arasındakı boşluğun özü elementə çevrilməlidir. Ona görə də 1+1=2 etmir, 3 edir. Məsələn rombları çəkərkən elə düzmüşəm ki, burada ortaya yeni elementlər çıxıb. Qadın simasında və saçında Nefertitinin üzü simvolizə olunub. Gözün içində göz yaşı var, həm də hörüyü var, sanki toxuyur, – bu ilan da ola bilər. Əslində isə iki qadın arxa-arxaya oturaraq xalça toxuyur. Ancaq ortaya başqa elementlər çıxıb. Çox uzun müddət oldu ki, əsaslı miniatürlər edə bilmirdim, problemlər və məişət qayğıları məni buxovlasa da artıq gözəl, şirin miniatürlər etməyin zamanı çatdı…
-Son dönəmlər sənətin ucuzlaşması, eyni zamanda baha qiymətə satılmasına münasibətin necədir? Trendə çevrilən banan əsəri yüksək məbləğə satıldı və bir milyarder əsəri alaraq bananı yedi. Və yaxud sənətin elektronlaşması, sənətin asanərsəyə gəlməsinə yardımçı olsa da buna sənət demək olarmı?
Bunlar hamısı sənəti dəyərsizləşdirməkdir. İnsan əməyinə soyqırım yaşatmaqdır. Bu artıq mənəvi soyqırımdır. Həmçinin, belə olan halda insanların da zövqü korlanır. Onsuzda dünyada bu qədər müharibələr, yanğınlar, problemlər və s. dünyanın bu qədər süniləşdiyi bir zamanda heç olmasa qoyun insanlar əsil sənətdən, musiqidən, rəsmdən, xalçadan, əl işindən zövq alsınlar. Təsəvvür edin ki, biz meşəyə dincəlməyə gedirik, ora gətirib kapron ağaclar əkirlər. Bu insanlığın məhvinə yönəlmiş bir addımdır. Banan rəsmi də, düşünürəm ki, xüsusi hazırlanmış bir şeydir. İnsanların reaksiyasını, pozulmuş estetikasını yoxlamaq üçündür. İnsanları Yaponiyada olduğu kimi kapsul həyata salmaq kimi bir şeydir “Chatgpt”. İnsan nə olursa olsun, yenə də həssasdır, duyğusal varlıqdır. Bizi nə qədər süniləşdirməyə, genimizi dəyişməyə çalışsalar da insan həssas varlıqdır, bacara bilməyəcəklər. Marqaret Teçer müsahibələrinin birində bir hadisə danışmışdı. Cavan vaxtı bir sevgilisi vardı və ondan ayrılmışdı. İllər sonra məşhurlaşan Teçer Dəmir Ledi titulunu alır. Hansısa şəhərdə, böyük bir kütlənin içində çıxış edərkən insanların arasından kimsə “Marqo” deyə səslənir. Teçer qayıdanda kulisdə ağlayır və deyir ki, mənə ondan başqa heç kəs Marqo demirdi. Yəni, nə olursa olsun, nə qədər güclü olursan ol, sənin mütləq ki, bir həssas tərəfin var. Ən zalım bir qatilin belə, həssas yanı vardır.
-Miniatür sənətilə bağlı tarixən maraqlı hadisələr baş verib. Onlardan sizə ən təsir edəni hansıdır?
-Miniatür tarixinin qızıl səhifəsi, sehrli Təbriz ustadlarının əl işi olan “Şahnamə”-ni, Osmanlı sultanına bağışlamaq lazım gələndə, Təhmasibin qardaşı Bəhram Mirzənin oğlu İbrahim Mirzə diz çöküb yalvardı şaha ki; Nə verirsən ver, ama “Şahnamə”-ni vermə!
Şah Təhmasib isə: indi mənə sülh lazımdır – deyib hədiyyə karvanının ən öndə gedən dəvəsinin üzərində sadəcə bir hədiyyəni – “Şahnamə”-ni Osmanlı sultanına yolladı. Təhmasib Osmanlı padşahı ilə sülh bağlamaq istəyirdi.
İki ölkə arasındakı sülhü əl işi olan bir kitab həll edib. Hədiyyə karvanı ilə Osmanlı sultanına hədiyyə gedərkən, karvanın önündə bircə dənə dəvə gedirmiş. O dəvənin üzərində isə bircə dənə hədiyyə vardı, o da “Şahnamə”. “Kəmaləddin Behzad kamil nəqqaşların nəqqaşı idi. Bəyqaranın yanında xarüqələr yaradırdı, indi isə Şah İsmayılın nəvazişindədir”. Demir ki, onun əlinin altındadır, deyir ki, onun nəvazişindədir. Böyük bir dövlətin hökmdarının sənətə olan hörmətidir bu. Necə təsirli hadisədir!
-Qədim miniatür sənət nümunələri Azərbaycanda varmı?
-Tehranda, Sank Peterburqda, İngiltərədə, İstanbulda Topxanada, Amerikada və şəxsi kolleksiyalarda, kitabxanalarda var. Elə əsərlər var ki, varlığını bilirik amma görə bilmirik. Sofist hərracında baş verən bir hadisə, 2016-cı ildə, 3 dəqiqənin içində 7 milyondan çox qiymətə satılan miniatür sənəti olub.
Söhbətləşdi: Dəniz Pənahova