“Azərbaycanfilm” ölüm yatağındadır” – Xalq artisti istefalardan danışdı

“Azərbaycanfilm” ölüm yatağındadır” – Xalq artisti istefalardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu məlumatı eşidən gündən mənim ürəyim ağrayır, çox ağır xəbər oldu”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib.
Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib:
“Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıb. 1276 nəfərlik idarə bu gün fəaliyytəsiz qalıb. O boyda binanın taleyinə bax da. “Azərbaycanfilm”  ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar”.
Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb:
“Mədəniyyət Nazirliyi eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik”.
Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb:
“Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır”.
Qeyd edək ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbər şəxsləri istefa verib. Onların arasında direktor Nazim Hüseynov, onun müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun öz ərizələri əsasında vəzifələrindən ayrılıb.