COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib.
Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib. “Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub”, – Elnur Soltanov vurğulayıb.
“COP29 vaxtı gün ərzində təxminən 40 min qonağı qəbul etmək üçün infrastrukturumuz var”, – baş icraçı direktor deyib.
Elnur Soltanov COP29-da ümumilikdə 80 minə yaxın qonaq qəbul edəcəklərini, müxtəlif günlərdə Azərbaycana müxtəlif sayda qonaqların gəlib-gedəcəyini qeyd edib.
O vurğulayıb ki, Azərbaycan bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək:
“COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.