Azərbaycanda YENİ TREND: Yas mərasimləri üçün də dəvətnamələr hazırlanır -VİDEO

Azərbaycanda YENİ TREND: Yas mərasimləri üçün də dəvətnamələr hazırlanır –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətdə dəvətnamə anlayışı hər zaman toyla bağlı düşünülüb. Sosial şəbəkədə isə yas mərasiminə dəvətnamə göndərilməsi müzakirələrə səbəb olub.

“Təəssüf ki, bu gün cəmiyyətimizdə müsbət nümunələri təşviq etməkdənsə, mənfi tendensiyalar daha çox diqqət cəlb edir. Halbuki əsas diqqətimizi yaş mərasimlərində müşahidə olunan israqçılığın qarşısının alınmasına yönəltməliyik. Bu məsələ ciddi ictimai müzakirəyə çevrilməlidir”.

 

Bu fikirləri Trend-ə açıqlamasında deputat Ceyhun Məmmədov bildirib. O, yasa dəvətnamə ilə çağırılmanı yanlış yanaşma kimi dəyərləndirib:

 

“Hazırda insanlar yeni üsullarla bu israqçılığı davam etdirməyə çalışırlar. Məsələn, artıq bəzi hallarda yasa dəvətnamə ilə çağırmaq kimi qəribə bir tendensiya formalaşır. Bu, kökündən yanlış yanaşmadır. Məsələnin mahiyyətini unudaraq formasına yönəlmək, problemi daha da dərinləşdirə bilər. Ən vacib məsələ budur ki, israqçılığın aradan qaldırılması cəmiyyətin prioritet hədəflərindən biri olmalıdır. Bu istiqamətdə marifləndirmə aparılmalı, ictimai qınaq gücləndirilməli, ən əsası isə insanlar arasında sağlam düşüncə formalaşdırılmalıdır . Fərdi təşəbbüslər və şəxsi yanaşmalar təbii olsa da, əsas diqqətimiz sosial məsuliyyət və ümumi rifahın qorunması üzərində qurulmalıdır. Ümid edirik ki, bu çağırışa hər kəs həssas yanaşacaq və mövcud israqçılıq ənənələri zamanla aradan qalxacaq”.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev açıqlamasında bildirib ki, insanları yas mərasiminə dəvət etmək (istər şifahi şəkildə, istərsə də yazılı formada) dini baxımdan günah sayılmır:

 

“İslam dinində yas mərasimlərinin əsas məqsədi vəfat edən şəxsə dua etmək, onun ruhuna rəhmət diləmək və geridə qalan yaxınlarına təsəlli verməkdir. Bu mərasimlər həm dini, həm də mənəvi dəyərlərin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.Bu kontekstdə, insanları yas mərasiminə dəvət etmək (istər şifahi şəkildə, istərsə də yazılı formada) dini baxımdan günah sayılmır. Əgər bu çağırış mərhum üçün ediləcək duaların sayını artırmaq, onu yad edənlərin sayını çoxaltmaq və dini-mənəvi mühiti yaratmaq məqsədi daşıyırsa, bu, İslamın ruhuna uyğundur və müsbət qarşılanmalıdır”.

 

İlahiyyatçı vurğulayıb ki, dini mərasimlər mahiyyətinə uyğun sadə şəkildə keçirilməlidir.

 

“Lakin burada diqqət yetirilməli olan əsas məsələ yas mərasimlərinin israfçılıqdan, nümayiş və riyakarlıqdan uzaq tutulmasıdır. Belə mərasimlər dini mahiyyətinə uyğun olaraq sadə, səmimi və təvazökar şəkildə keçirilməlidir. Əgər dəvətnamə vasitəsilə insanlara məlumat verilməsi də bu sadəlik çərçivəsində həyata keçirilərsə, bu, dinin prinsiplərinə zidd sayılmaz”.