Dünyanın bir sıra ölkələri kimi, Azərbaycanda da bədxassəli şişlərlə (xərçəng) xəstələnmə halları ildən-lə artır.
Tribunainfo.az xəbər verir ki, modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il tibb müəssisələrində qeydiyyatda olan xərçəng xəstələtinin sayı 78 875 nəfər olub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2023-cü ildə xeyli aşağı – 69 435 nəfər idi.
Təkcə 2024-cü ildə ilk dəfə xərçəng diaqnozu qoyulmuş xəstələrin sayı 15 164 nəfər olub. 2023-cü ildə bu rəqəm 13 666 idi. Rəsmi statistikaya görə, ilk dəfə xərçəng diaqnozu qoyulmuş xəstələr arasında qadınlar üstünlük təşkil edir. Ötən ilk dəfə bədxassəli şişlə xəsətələn 15 164 nəfərdən 8 051-i qadınlar, 7 113-ü kişilər olub.
Statistika göstərir ki, Azərbaycanda ən çox yayılan bədxassəli şiş qadınlarla əlaqəlidir. Belə ki, təkcə ötən il 2 674 qadında süd vəzi xərçəngi aşkarlanıb. İkinci yerdə traxeya, bronx, ağ ciyərin xərçəngi gəlir – 1 525 nəfər.
İlk “3-lük”də mədə xərçənginə tutulanlar da yer alır – ötən il 1 437 nəfər mədə xərçəngi ilə xəstələnib.
Azərbaycanda xərçəngin yayılan digər formaları aşağıdakılardır:
– ağız boşğluğu və udlağın xərçəngi;
– dodaqların xərçəngi;
– qida borusunun xərçəngi;
– düz bağırsağın, bağırsaq birləşməsinin və anusun xərçəngi;
– qırtlağın xərçəngi;
– dərinin xərçəngi.
Narahatlıq doğuran digər məqam uşaqlar arasında da bədxassəli şişlə xəstələnmənin çoxalmasıdır. Belə ki, 2024-cü ildə 139 uşaqda ilk dəfə bədxassəli şiş aşkarlanıb. Halbuki 2023-cü ildə bu rəqəm 107 idi. Ötən il 14-17 yaşlı yeniyetmələr arasında 70 nəfərə xərçəng diaqnozu qoyulub.