Bir il ərzində xərçəng xəstələrinin ümumi sayı təxminən 6.4% artıb – onkoloqların rəyi…
Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyata alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ildə tibb müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 nəfər təşkil edib. Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadındır. Onu da qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.
2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər idi. O zaman onların 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olmuşdu. Beləliklə, bir il ərzində xərçəng xəstələrinin ümumi sayı təxminən 6.4% artıb. Xüsusilə qadınlar arasında artım daha nəzərəçarpandır.
Bəs bu artımın səbəbi nədir? Qadınlar arasında xərçəngin daha çox yayılmasına nə təsir edir? Müvafiq qurumlar bu artımı araşdırırlarmı?
Hələlik rəsmi qurumlardan səbəblərlə bağlı ətraflı məlumat verilməsə də, mütəxəssislər bu tendensiyanı müxtəlif amillərlə izah edirlər. Buraya ətraf mühitin çirklənməsi, həyat tərzi, qidalanma vərdişləri, genetik meyllilik və müayinələrə çıxış imkanlarının yaxşılaşması kimi faktorlar daxildir.
Xüsusilə qadınlarda süd vəzi, qalxanabənzər vəzi və ginekoloji orqanlarla bağlı xərçəng növlərinin çoxluğu diqqət çəkir və bunun üçün profilaktik müayinələrin əhəmiyyəti dəfələrlə vurğulanır.
Hazırda Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamaq və səbəbləri müəyyənləşdirmək məqsədilə tədqiqatlar aparır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qadınlarda bu xəstəlik ən çox süd vəzində və uşaqlıq boynunda aşkarlanır: “Bu mövzuda maarifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar təkbaşına bu yükün altına girə bilməz. Xəstəlik vaxtında aşkar olunanda müalicə etmək mümkündür. İnsanlar özünü qorxutmasın, sadəcə olaraq, vaxtında həkimə müraciət etsinlər və müayinə olunsunlar. Bəzən isə insanlar doğru ünvana, mütəxəssisə müraciət etmirlər. Qadınlar ildə 1 dəfə mamoqrafiya müayinəsindən keçsinlər. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda xərçəng xəstələrinin sayı çox deyil. Məsələn, Krımda 10 il əvvəl 2 milyon əhalinin 50 mini xərçəng xəstəsi idi. Çeçenistanda isə 1 milyon əhalinin 20 minində onkoloji xəstəlik aşkarlanıb. Azərbaycanda isə 10 milyonluq əhalinin 75 minində bu xəstəlik var. Demoqrafik göstəriciləri nəzərə almaq lazımdır. Xərçəngin yaranmasına bir çox faktor: qidalanma, ekologiya, həyat tərzi, stress, tütün çəkmə və s. təsir edir. Xərçəng müalicə olunan xəstəlikdir, yetər ki, həkimə vaxtında müraciət edilsin”.
Onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov deyib ki, tək Azərbaycanda deyil, bütün dünyada xərçəng xəstələrinin sayı artır: “Bu xəstəliyin yaranmasına ilk növbədə qidalanma faktoru təsir edir. Zərərli vərdişlərin də öz rolu var. Son zamanlar artıq çəkinin olması da xərçəng xəstəliyini yaradır. Siqaret və tütün məhsullarından istifadə olunması, stress faktorunun olması, havanın çirkliliyi, şüallanmanın həddindən çoxluğu onkoloji xəstəliklərin meydana gəlməsinə gətirib çıxaran əsas səbəblərdən biridir. Genetik faktoru da unutmaq olmaz.
Xərçəng xəstəliyini birinci və ikinci mərhələdə olanda müalicə etmək mümkündür. Lakin çox təəssüflər olsun ki, pasiyentlər 3-cü və 4-cü mərhələdə gəlirlər deyə biz onlara kömək edə bilmirik. İldə bir dəfə müayinədən keçmək əsas şərtdir. Xəstəlik nə qədər çox erkən aşkarlanarsa, bir o qədər də müalicə baxımından sağalma şansı var. Xəstəlik erkən aşkarlanarsa, dərmana görə pasiyentin xərci də çox çıxmaz”.
Həkim bildirir ki, bəzən biopsiyanın cavabı yanlış olur: “Bizim bir pasiyentimiz var idi, onda biopsiyanın cavabı yanlış çıxmışdı. Ona görə də məsləhətdir ki, 2-3 dəfə biopsiya edilsin, əgər nəticələr üst-üstə düşərsə, o zaman diaqnoz qoyulsun. Belə yanlış diaqnozlara da rast gəlirik. Ona görə də pasiyentlər digər sahə həkimlərinə yox, onkoloqlara müraciət etsinlər”.
Onkoloq ölkəmizdə xərçəng əleyhinə satılan dərmanlardan da söz açıb: “Xaricdə istehsal olunan dərmanlardan ölkəmizə gətirilir. Keyfiyyəti normaldır. Əsas məsələ müalicənin düzgün aparılmasıdır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ildə dünyada təxminən 20 milyon yeni xərçəngə tutulma qeydə alınıb, 9,7 milyon insan xərçəngdən dünyasını dəyişib. Hesabata görə, hər beş insandan biri həyatında xərçəngə tutulur, hər doqquz kişidən, hər on iki qadından biri bu xəstəlikdən vəfat edir.
Təşkilatın proqnozlarına görə, 2050-ci ilə qədər hər il 35 milyon yeni xərçəngə tutulma qeydə alınacaq, bu da 2022-ci illə müqayisədə 77% artım deməkdir. Ekspertlər qeyd edir ki, pandemiya dövründə xərçəng diaqnozu və müalicəsi ciddi şəkildə azalıb. Dünyada 1 milyon xərçəng halı pandemiya səbəbindən vaxtında aşkar edilməyib. 2020-ci ilin ilk ilində xərçəng diaqnozu 23%, müalicə isə 28% azalıb. Xərçəngin erkən aşkar edilməsi üçün nəzərdə tutulan skrininq testləri də əhəmiyyətli dərəcədə azalıb, bəzi ölkələrdə isə bu rəqəm 59%-ə çatıb.