28 yaşlı Gəncə sakini Fəridə Zamanovadır (ad-soyad şərtidir) BiG.AZ-a müraciət edərək, düşdüyü uçurumdan çıxış yolu tapmaqda yardımçı olmağımızı istəyir:
28 yaşlı Gəncə sakini Fəridə Zamanovadır (ad-soyad şərtidir) BiG.AZ-a müraciət edərək, düşdüyü uçurumdan çıxış yolu tapmaqda yardımçı olmağımızı istəyir:
İnternetdə başlayan eşq macərası…
“Təxminən 7-8 ay öncə “Одноклассники”də gürcü oğlanla tanış oldum. Yazışmağa başladıq. Kifayət qədər ağıllı adam təsiri bağışladı. Bir az yazışdım, baxdım ki, həm də dünyagörüşlü və intellektli adamdır. Yazışmalarımız mütəmadi olmağa başladı. Zamanla bir-birimizə virtual da olsa, yaxınlaşdıq. Mən ona subay, daha doğrusu, ərdə olub, boşandığımı söylədim. Çox mədəni və mehriban idi. Münasibətimiz daha da dərinləşdi… Sonra biz “Skype” vasitəsilə görüntülü danışmağa başladıq. Bilirəm, məni çoxları qınayacaq, hətta əxlaqsız da hesab edəcəklər. Lakin düşünürəm ki, bir qadının xoşlandığı və sevdiyi kişiyə təslim olması tam təbii haldır. Mən də ona inandım… Biz kamera ilə görüntülü danışanda, hər dəfə mənə deyirdi ki… (Susur, tərəddüd edir-red) Mənə deyirdi ki, sinənə baxım, ayaqlarına baxım… Mən də onun dediklərini edirdim… (Bir az fasilə verir-red) Sonralar bu hal bizdə vərdişə çevrildi, hər gecə virtual sekslə məşğul olurduq… Hətta o, Bakıya gəlib, məni valideynlərimdən istəyəcəyini də deyirdi. Biləndə ki qardaşım da, atam da “Одноклассники”də var, ad-soyadını öyrənib, onlara da dostluq göndərdi. Mənə dedi ki, qardaşınla danışacağam. Qoy bilsin ki, səni sevirəm, evlənmək istəyirəm. Ona çox inanmışdım…”
Virtual seks sonrası şantaj
“Bir müddətdən sonra onun mənə qarşı olan münasibəti dəyişdi. İnsan bir günün içində bu qədər başqalaşa bilməzdi. Mənə dedi ki, sənin lüt şəkillərini və videolaırnı çəkmişəm. Onları “Одноклассники”-də yayacağam. Düzü, əvvəlcə zarafat etdiyini düşündüm. İnanmadığımı görüb, həmin görüntüləri mənə göndərdi. Durumun nə qədər ciddi olduğunu anladım. O dedi ki, əgər mənə pul göndərməsən, şəkilləri profilimdə paylaşacağam ki, atan da, qardaşın da görsün. Bundan daha da qorxdum.
Artıq 6 aydır ki, mütəmadi olaraq bu adama pul göndərirəm. Olur ki, ay ərzində, 100, bəzən isə hətta 500 dollar göndərdiyim olub. Artıq çarəsiz durumdayam, işləyirəm, qazandıqlarımı həmin o şərəfsizə göndərirəm. Xahiş edirəm, düşdüyüm uçurumdan çıxmağıma köməklik göstərəsiniz. Dərdimi açıb, heç kimə deyə bilmirəm. Qardaşım, atam bilsə, məni öldürərlər. Sizdən acizanə surətdə xahiş edirəm, mənə kömək edin. Əvvəlcədən deyirəm ki, polisə müraciət edə bilmərəm. Çünki atam Gəncədə tanınan-sayılan adamdır. O bilsə, gərək mən öləm”.
Hüquq müdafiəçisi Kəmalə Ağazadə BiG.AZ müxbiri ilə söhbətində həmin xanıma öz tövsiyələrini verib:
“Həmin xanım hüquq-mühafizə orqanlarına müraciət etmədiyi təqdirdə ona kömək etmək mümkün olmayacaq. Burada insan həyatından söhbət gedir. Həmin xanıma hüquqşünas lazımdır ki, onun adından müraciət hazırlasın. Həmin müraciət Gürcüstanın Azərbaycandakı Səfirliyinə təqdim olunmalıdır. O, həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinə müraciət yazsın. Onu şantaj edən adamın güman ki, ad-soyadı bəllidir. Qadının əlində göndərdiyi pulların qəbzləri var. Həmin qəbzlər, dəlil-sübut kimi Fəridə Zamanovanın xeyrinə işləyə bilər. Məhz bu halda Gürcüstan tərəfi həmin adamla bağlı cinayət işi açıb, araşdırmaya başlaya bilər. Onun qardaşına və atasına gəlincə, bu işə baş qozmazdan öncə bu haqda düşünmək lazım idi…”
Psixoloq Rəşad Rəhimbəyli deyir ki, virtual seksə müraciət edənlər adətən, sosial statusu olmayanlardır:
“Belələri ətrafda özünə uyğun partnyor tapmayanlardır. Onlar qısa yolla seksual ehtiyaclarını ödəmək istəyir. İnsanlar virtual seksi adətən, inandığı, etibar edib, güvəndiyi partnyorlarla etməyə çalışırlar. Təbii ki, bunu edən insanların hamısının niyyəti yaxşı olmur. Qarşı tərəfin bundan şantaj məqsədilə, yaxud da başqa gözləntilərinin olması məqsədilə istifadə edə bilərlər. Ona görə də bir psixoloq olaraq, tövsiyyə edərdim ki, ilk növbədə real münasibətləri olan adamlarla virtual sekslə məşğul olsunlar. Yəni arada güvən, etibar olması çox vacibdir. Bu həm oğlanlara, həm də qızlara aiddir.
Şikayətçimizə gəlincə, bu hadisəni Azərbaycanda inanmıram, hanısa ailə normal qarşılasın. Təbii ki, anonomliyi saxlayaraq, hüquq mühafizə orqanlarına müraciət etmək mümkündür. Şikayətçinin adı məxvi qalmaqla məsələni aydınlaşdırmaq və həmin adamı tapıb, cinayət məsuliyyətinə cəlb etmək mümkündür.
Mən bir psixoloq olaraq, demək istəyirəm ki, şikayətçi başına gələn bu faciəni, hadisəni ailəsi ilə paylaşsın. Hətta psixoloqa da müraciət etsin. Çünki belə hallarda insanlar çıxış yolu tapmayanda sui-qəsdə, özünə qəsdə yol verə bilir. Yəni onlar heç bir halda bu sirri özləri ilə saxlamasınlar”.