Azərbaycanda suyun qiyməti yenidən qalxacaq? – Açıqlamabackend

Azərbaycanda suyun qiyməti yenidən qalxacaq? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik”.

Bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Deputat deyib ki, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görürük: “Yüz faiz əminəm ki, orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil, şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik”.

Xatırladaq ki, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

2021-ci ildən əvvəl isə suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. Tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.

İki ildən sonra suyun qiyməti yenidən arta bilərmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a danışıb:

“Axı burada səbəb-nəticə əlaqəsi itir. Su qıtlığı o deməkdir ki, qiyməti baha olanda bolluğu yaranacaq? Deməli, ilk olaraq su qıtlığı problemini həll etmək lazımdır. Bu, qiymətdən asılı məsələ deyil, həcm məsələsidir. Yəni Azərbaycan su ehtiyatlarını artırmalı, bununla bağlı tədbirlər görməlidir.

Ölkə Prezidentinin də Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı fərmanı var. Həmçinin işğaldan azad  olunmuş ərazilərdə olan su resursları da buna köməklik edir. Yəni dünyada elə bir formul yoxdur ki, qiymət artan kimi su təminatı yaxşılaşsın. Əgər suyun qıtlığı varsa, fiziki olaraq, su resursları artırılmalıdır.  Əgər maya dəyəri yüksəkdirsə, müvafiq, əlavə, əməliyyat xərcləri azaldılmalıdır. Yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin  iş mexanizmlərinə baxmaq lazımdır ki, problem haradadır, niyə maya dəyəri yüksəkdir.

Yəni ilk növbədə maya dəyərlərinin aşağı salınması və su resurslarının  artırılması ilə bağlı qərar verilməlidir”.