Millət vəkili Fazil Mustafanın yaralanması ilə nəticələnən teror Milli Məclis üzvlərinə qarşı edilən ilk hücum deyil. Deputatların məruz qaldığı sayca dördüncü silahlı hücumlar nəticəsində yaralanan yeganə millət vəkili isə Fazil Mustafa olub. Digər üç deputat isə dünyasını dəyişib.
Tribunainfo.az xəbər verir ki, Milli Məclisin ilk silahlı hücuma məruz qalan deputatı Afiyəddin Cəlil oğlu Cəlilov olub. Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olub, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin (bir neçə çağırış), Naxçıvan MR Ali Məclisinin deputatı olub.
Afiyəddin Cəlilov
O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Afiyəddin Cəlilovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.
Terrora məruz qalan digər millət vəkili Əli Abdulqədiroviç Ansuxski olub. Kommunist Partiyasının üzvü və birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin (1995–1996) üzvü olan Əli Ansuxski 1995-ci ildə keçirilən seçkilərdə 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilir.
Əli Ansuxski
Lakin yeni parlament tam tərkibdə yalnız bir neçə həftə işləyə bildi. 1996-cı il fevralın 26-da 54 saylı Balakən seçki dairəsindən deputat seçilmiş, milliyətcə avar olan Əli Ansuxski Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilib.
Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınmışdı və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
Terror hücumu nəticəsində dünyasını dəyişən digər millət vəkili Ziya Musa oğlu Bünyadov olub. Z.Bünyadov həm də 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini edən şəxslərdəndir.
O, 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir.
Fazil Mustafa
Terror hücumuna məruz qalan digər deputat Fazil Mustafa olub. Dünən axşam saatlarında iftar ziyafətindən dönən millət vəkili evinin qarşısında terrora məruz qalıb. Ona 8 güllə atılıb. Xoşbəxtlikdən güllələrdən ikisi ona dəyib. Deputat çiyinindən və ayağından yaralanıb. Hazırda xəstəxanada müalicə alan millət vəkilinin durumu yaxşı olaraq qiymətləndirilir.
Tribunainfo.az