Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Rafael Əliyev ifadə verib.

Rafael Əliyev bildirib ki, proses bəlli olub və ora kimin nəzarət etdiyi də bilinirdi: “Rüşvət sərhəddə alınırdı və komitəyə verilirdi. Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İşə qəbul olunan gömrük işçisi sabahı günü işə çıxanda artıq neçə işləyəcəyini bilirdi. İstər yaradılan TIR, istərsə də GRP (yük xəttinə aid yaradılan qanunsuz proqram) proqramlarına komitədən kiminsə girişinə icazəsi yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib komitə sədri Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik”.

Keçmiş maliyyə naziri bildirib ki, komitə sədri onlardan pulların dollar olaraq verilməsini istəyib: “Pullar gömrükçülərdən manat və dollar kimi alınırdı. Komitə sədri demişdi ki, pulları ona dollar kimi verək. Özü banklara zəng edib deyirdi, biz də gedib manatları dollara çevirirdik”.

Gömrük Komitəsində məhv edilən kompüterlərin hard-disklərinə (yaddaş cihazı) isə Rafael Əliyev belə aydınlıq gətirib: “Kompüterlərin hard-diskləri məhv edilib. Ancaq bu proses mən orda çalışdığım müddətdə olmayıb, məndən sonra olub. Disklərin məhv edilməsinin səbəbi, yəqin ki, proqramların ləğvi ilə bağlı olub. Sonradan bilinib ki, bu proseslər səhvdir və hər şey ləğv edilib, sənədlər də ləğv edilibsə, deməli, hər şey qeyri-qanuni olub”.

Maliyyə naziri işlədiyi dövrdə Rafael Əliyev qanunsuz olaraq 2017-ci ildə işə qəbul edilən səkkiz nəfərə verilən əməkhaqqına da aydınlıq gətirib. O bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri işləyərkən həmin işçilərin adları dövlət qulluğunun reyestrində də olub. Aylıq paket olaraq 15 min manat aldığını qeyd edən Rafael Əliyev bildirib ki, o bunu maaş kimi alıb: “Bu mənə əməkhaqqı kimi təqdim olunurdu. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir”.

Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam edir: “Biz zərərçəkən tərəf olaraq dəyən ziyanın tam ödənilməsini tələb edirik və məhkəmədən bunun təmin edilməsini xahiş edirik”.

Proses daha sonra şahidlərin ifadələri ilə davam edib. Şahidlər bildiriblər ki, onlara öncədən göstəriş verilib və pullar yığılıb. Bu göstərişləri isə o zaman komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində ortalama 800 min – 1 milyon manat yığılırdı. Həmçinin, bu proses digər məntəqələrdə də olub. Ortalama olaraq hər ay TIR proqramı vasitəsilə 200 min manatdan çox vəsait mənimsənilib. Şahidlər deyib ki, gömrüklərdə hər ay bu məbləğ dəyişirmiş. Belə ki, ay ərzində hər bir gömrükdə 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış. Culfa gömrük məntəqəsində üç il ərzində təqribən 12.5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Şahidlər vurğulayıb ki, komitədən onlara kompüterlərin hard-disklərinin dəyişdirilməsi tapşırılıb. 1 həftə ərzində 25-30 kompüterin hard-diski dəyişdirilib və onlar maddi təchizat şöbəsinin rəisinə verilib. Həmin yaddaş cihazları isə çilingər tərəfindən dörd yerə bölünərək məhv edilib.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.