Azərbaycanda repetitorluq olmasa universitetlər boş qalacaq – EKSPERTbackend

Azərbaycanda repetitorluq olmasa universitetlər boş qalacaq – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuxarı siniflərdə kütləvi şəkildə repetitorluq institutunun bu qədər geniş yayılması əlbəttə ki, narahatedicidir. Bunun səbəbləri var”.

Tribunainfo.az-a açıqlama verən alim, təhsil eksperti İlqar Orucov repetitorluğun gətirdiyi fəsadlardan söz açdı.

Onun sözlərinə görə, çox az sayda bizim şagirdlərimiz var ki, repetitor yanına getmədən universitetlərə qəbul oluna bilərlər.

Ekspert bildirdi ki, “Azərbaycanda repetitorluq olmasa, mən sizə səmimi deyim universitetlərin 70-80 faizi boş qalacaq və plan yerləri dolmayacaq. Bu reallıqdır.

Səbəb odur ki, Dövlət imtahan Mərkəzinin obyektivliyinə heç bir şübhəm yoxdur. Bu müzakirə mövzusu ola bilməz. Bu qurum işini çox şəffaf qurub amma hesab edirəm ki, universitetə qəbul prosesini yüngülləşdirmək lazımdır. Qəbul prosesində bu qədər fənndən imtahan götürməyə ehtiyac yoxdur. Gələcəkdə bu yüngülləşməni həyata keçirməliyik.

Bu həm də ali təhsil müəssisələrinə qəbul prosesinin çətinliyi ona gətirib çıxarıb ki, bizdə repetitorluq bu qədər geniş vüsət alıb. Hətta bunu sui istifadə edən müəllimlər var. Alqitoriyada dərs keçməyib uşaqları repetitor kimi öz yanına cəlb etməkdə, onlara pul qarşılığında təlim-tədris keçmək istəyən müəllimlər var. Repetitorluğun bu qədər çox yayılmasının bu kimi mənfi cəhətləri var.

Mən uşaqlarımızın repetitor yanına getməsinin əleyhinə deyiləm. Amma biz işimizi elə qurmalıyıq ki, bizim övladlarımız orta məktəbdə repetitor yanına getmədən universitetlərə qəbul ola bilsinlər. Hansısa dil bilgilərini artıra bilərsən, hansısa fənndən daha dərin bilgilər almaq istəyə bilərsən. O zaman repetitor xidmətindən istifadə edə bilərsən. Məktəb qalıb bir tərəfdə insanlar nə qədər pul tökürlər, ailələrin büdcələrinə bu qədər zərbələr dəyir. Bu, hesab edirəm ki, yanlışdır.

Eyni zamanda uşaqların vaxtına da giririk. Uşaqların istirahət, idman hüququ var. Yetişməkdə olan nəsildir, əylənməli, teatra, muzeyə getməlidir. Heç birinə gedə bilmir və repetitor yanına getməklə uşaqlarımızın ömrü gedir. Yüksək bal toplayan uşaqların əksəriyyətinə baxın, onlar nə qədər cılızdırlar. Onlar bəlkə də bircə dəfə də olsun nə idmana nə teatra getməyiblər. Bütün gün oturmaq, gecə-gündüz oxumaq onların gözlərini məhv edib. Onların orqanizmləri deformasiyaya uğrayıb, bədən quruluşları dəyişib. Belə yanaşma tətbiq etməklə biz heç də yaxşı iş görmürük”.