Azərbaycanda pensiyaçılara kredit niyə çətinliklə verilir? – ARAŞDIRMA

Azərbaycanda pensiyaçılara kredit niyə çətinliklə verilir? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda pensiyaçılar kredit götürməkdə çətinliklərlə üzləşirlər.

Təcrübə göstərir ki, banklar və bank olmayan kredit təşkilatları (BOKT) ya pensiyaçılara kredit verməməyə, ya da ən yaxşı halda məhdud məbləğdə və müddətə kredit verməyə çalışırlar.

Məsələn, Azərbaycanda geniş yayılmış təcrübəyə əsasən, yaşı 70-i keçmiş pensiyaçılar ya kredit ala bilmirlər, ya da yaşı 70-ə çatmamış pensiyaçılara kredit o şərtlə verilir ki, borcun qaytarılması üçün son tarixə pensiyaçının yaşı 70-dən çox olmasın.

Halbuki, Azərbaycanda pensiyaçılar əhalinin əhəmiyyətli hissəsini təşkil edirlər. Bu il iyulun 1-nə ölkədə 1,1 milyon pensiyaçı olub ki, bu da hər 9 nəfərdən biri deməkdir. Pensiyaçılara dövlət hər ay minimum 280 manat, orta hesabla isə 435 manat ödəyir. Bu məbləğin də müəyyən hissəsi kredit ödənişinə yönəldilə bilər.

“Report” mövzunu – pensiyaçılarla bağlı problemin həll yollarını iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri – Əkrəm Həsənov deyir ki, pensiyaçılara kreditin çətinliklə verilməsi təkcə Azərbaycanda deyil, bütün dünyada rast gəlinən haldır: “Təcrübə göstərir ki, pensiya yaşında olan vətəndaşlar kreditlərini rahat ödəyə bilmirlər. Üstəlik, onların krediti qaytarmamış vəfat etməsi ehtimalı var. Odur ki, kredit təşkilatları bu kateqoriyadan olan insanlara ehtiyatla yanaşır. Söhbət təkcə pensiyaçılardan və nağd pul kreditlərindən getmir. Məsələn, orta (45-50) yaşlı insan 25 il müddətinə ipoteka krediti götürmək istəsə, banklar ona da ehtiyatla yanaşacaqlar və çalışacaqlar ki, kreditin son ödəniş tarixinə müştərinin yaşı 65-dən çox olmasın”.

“Pensiyaçılar yalnız dəyəri yüksək olan daşınar və daşınaz əmlaklar (maşın, ev, torpaq) girov qoyub istədikləri məbləğdə və müddətə kredit götürə bilər. Yəni, problemin həlli yolu ancaq bu ola bilər. Girov olmasa, kredit təşkilatları çətin vəziyyətə düşə bilər. Bəzən kredit götürmüş pensiyaçı ölür, övladları isə onların yerinə borcu qaytarmaqdan imtina edirlər. Bu da borc vermiş qurumlar üçün problem yaradır”, – deyə o əlavə edib.

Digər ekspert Xalid Kərimli isə hesab edir ki, bankların və BOKT-ların pensiyaçılarlı ehtiyatlı davranması onların vəfat etməsi ehtimalından çox aylıq gəlirlərinin az olması ilə bağlıdır: “Azərbaycanda orta aylıq əməkhaqqı 925 manat olduğu halda, orta aylıq pensiya bunun 47 %-i qədərdir, yəni heç yarısı da deyil. Bu da pensiyaçıların normal kredit almasına əsas maneədir. Onun da nəzərə almaq lazımdır ki, kredit təşkilatları kredit borcunu birbaşa pensiyaçının kartından tuta bilmir (pensiya ödənişləri üçün seçilmiş vasitəçi-bank istisnadır). Odur ki, pensiyaçılara kreditin çətinliklə verilməsi başa düşüləndir”.

“Pensiyaçılar yalnız əlavə və rəsmi gəlirlərini təqdim etməklə rahat kredit ala bilərlər. Məsələn, kimsə malik olduğu kommersiya obyektinin icarəyə verilməsindən əldə etdiyi gəlirə dair sənəd təqdim edə bilər və pensiyaçı olsa da, çətinlik çəkmədən kredit götürə bilər. Biz bilməliyik ki, kredit sosial yardım deyil. Krediti verən maliyyə qurumu onu faizi ilə birlikdə vətəndaşdan geri almalıdır. Əgər sizin rəsmi gəlirinizi yalnız əmək haqqı təşkil edirsə faktiki olaraq sizin pensiya yaşına çatan zaman gəlirinizdən məhrum olursuz və yalnız pensiya məbləğini təqdim etməklə kredit götürə bilirsiniz. Yəni, kredit təşkilatları istənilən halda vətəndaşın hansı təminata malik olduğuna baxmalıdır”, – deyə o əlavə edib.