Azərbaycanda pedofiliya dalğası:VALİDEYNLƏR OXUSUN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Ucarda 58 yaşlı kişinin azyaşlı oğlan uşaqlarını zorlaması ilə bağlı xəbərlər cəmiyyətdə ajiotaj yaratdı. Ötən həftə Ucarda 58 yaşlı kişinin azyaşlı oğlan uşaqlarını zorlaması ilə bağlı xəbərlər cəmiyyətdə ajiotaj yaratdı.

 Üstündən 2 gün keçməmiş analoji hadisə Xırdalanda baş verdi. Bu dəfə 38 yaşlı kişi 6 yaşlı uşağa təcavüz edərkən tutulmuşdu. Manyaklığın artıq uşaqlara qarşı cəbhə alması cəmiyyətdə psixoloji durumun ürəkaçan olmadığını göstərir.
“El-aləmə biabır olmaq” düşüncəsi
Araşdırmalardan da bəlli olur ki, uşaqlara qarşı zorakılıq və ya seksual hərəkətlərin əksəriyyəti gizli qalır. Bunun da müxtəlif səbəbləri var. Bir çox ailələr seksual zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinirlər. Azyaşlıların çoxu yaxın qohumlar və atalıqları tərəfindən zorakılığa məruz qalır. Digər səbəb məlumatların üzə çıxacağı təqdirdə ailənin “el-aləmə biabır olacağı” düşüncəsidir. Yəni cəmiyyətin qınağı da belə cinayətlərin açılmasına imkan vermir.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bu insanların ruhi xəstə olduğunu deyir:
“Belə hallar əvvəllər də var idi. Lakin ona görə çox bilinmirdi ki, bizim toplum üçün bu təsəvvürü belə mümkün olmayan bir şey idi. Cəmiyyət olaraq çox narahatıq. Bunlar bir günün içində baş vermir. Bu insanların zamanla psixoloji problemləri olur və onu həll etmirlər. Onları ruhi xəstə adlandıra bilərik. Onların psixoloji yox, artıq psixiatrik problemi var, xəstədirlər. Sadəcə, bu elə bir xəstəlikdir ki, kənardan anlamaq olmur. Bu insanların qarşısındakını çox yaxşı inandırma, yoldan çıxarma qabiliyyəti olur. Manyakların düşüncəsi həmişə dərin olur. İnsanları, xüsusən də uşaqları yoldan çıxarmağı, rola girməyi əla bacarırlar. Təbii ki, keçmişdə onların müəyyən psixoloji travması olduğu üçün belə hərəkətlər edirlər. Odur ki, həmin insanlar ilk növbədə özləri özlərinə kömək olmalıdırlar. Keçmişdə yaşadıqlarını kiməsə deməlidirlər”.
Pedofiliya, yoxsa homoseksuallıq?
Manyakların azyaşlılara qarşı cinsi təcavüzü istənilən halda cinayətdir. Maraqlıdır ki, onlar bu əməlləri üstəlik qarşı cinsə yox, öz həmcinslərinə qarşı törədirlər. Bu isə vəziyyəti daha da qarışıq hala salır. Manyaklıq bir tərəfə, onlar həm də homoseksuallaşır. Məsələyə başqa bir aspektdən yanaşmaq lazımdır. Ətrafında öz həmyaşıdları ola-ola, qarşı cins ola-ola, manyaklarda balaca oğlan uşaqlarına qarşı niyə cinsi istək yaranır? İlk növbədə bu psixiatrik problemdir. Çünki “uca Avropa dəyərləri”nə söykənərək çıxış etsək, kimsə anadangəlmə homoseksualdırsa, buna qarışacağımız yoxdur. Axı Ucardakı hadisəni törədən kişinin arvadı var, böyük uşaqları var. 58 yaşlı bir ağsaqqalın 10 yaşlı oğlan uşağına meyl salması nə deməkdir?
Elnur Rüstəmovun fikrincə, bu insanlarda zamanla cinsi meyil pozuntusu yaranır:
“Onlar insanın əzabından həzz alırlar. Qarşısındakı insanın narahat olduğunu görəndə zövq alırlar. Adicə götürək, avtobusda olanda niyə manyak qadına sürtünür? Çünki digər insan çəkilir, manyak da bu narahatçılıqdan ləzzət alır. Qarşısındakı çəkindikcə bu bir az da sürtünür. Düzdür, belə manyaklar adətən qurbanlarına törətdiyi əməli kiməsə deyərsə, onu öldürməklə hədələyir. Amma bu şantaja məhəl qoymaq olmaz. Onlar barədə ilk növbədə valideynə xəbər vermək lazımdır”.
Uşaqlar Birliyi: Bu təkcə fiziki xəstəlik deyil
Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli pedofiliyanı həm fiziki, həm psixoloji xəstəlik adlandırır:
“Bir çox psixoloq qəbul etməsə də, bu təkcə fiziki pozğunluq deyil, həm də psixoloji çatımazlıqdır. Belə xəbərləri dünya mətbuatında da oxuyuruq. Bunlar vaxtında valideynlərin uşaqlara yaxşı tərbiyə verməməsi, onları məlumatlandırmamasının fəsadlarıdır. Uşaqlar cinsiyyətini dərk etmədiyi bir vaxtda bu cür ağır travma alırsa, bunun fəsadları onun gələcək həyatında da özünü büruzə verir. Burada oğlan və ya qız fərq etmir, uşağa qarşı zorakılıq varsa, pedofiliyadır. Pedofiliyanın qarşısını almaq üçün cəmiyyət, daim maarifləndirilməlidir, desəm, şablon görünəcək. Ona görə də, ilk növbədə hər şey ailədən başlayır. Valideynləri daha diqqətli olmağa çağırırıq”
Əziz valideynlər…
Sabah oxşar hadisə sizin də övladınızın başına gələ bilər. Belə halların qarşısını ancaq sizin nəzarətiniz və xəbərdarlığınız ilə almaq olar. Övladlarınızı nəzarətsiz qoymayın. Uşaqlara qarşı zorakılıq hadisələrində günahsız tərəf uşaqlardır.