Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər əsasən əmək qabiliyyətli insanların (40-60 yaş) payına düşür.
Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər əsasən əmək qabiliyyətli insanların (40-60 yaş) payına düşür.
Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Nabil Seyidov “Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklərin – ürək-damar, beyin-damar, onkoloji, tənəffüs orqanları xəstəlikləri və s. payına düşür.
Ölkədə insanlar əsasən ürək-damar, beyin-damar (insult, infarkt) xəstəliklərindən (51%) və onkoloji xəstəliklərdən (11%) həyatlarını itirirlər. Proqnozlara görə, Azərbaycanda 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin sayının 15% artacağı gözlənilir: “Əgər 30-50 il əvvəl Azərbaycanda insanların böyük qismi infeksion xəstəliklərdən ölürdüsə, son 25 ildə insanlar qeyri-infeksion xəstəliklərdən ölür. Hazırda Azərbaycanda xəstələnmə və ölüm halları qeyri-infeksion xəstəliklərdən baş verir”.
N.Seyidov qeyd edib ki, ÜST-nin məlumatına əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərcəng xəstəliyi qeydə alınacaq. Həmin halların 5-də 4 hissəsi aşağı və orta gəlirli olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcək. (trend)