Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” mobil operatoru ləğv edilir.
Tribunainfo.az -ın məlumatına görə, dekabrın 1-dən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.
Şirkət abunəçiləri hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil operatorlara (Azercell, Bakcell, Nar) müraciət etmələri tövsiyə olunur.
“01.12.2025-ci il tarixinədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan, lakin istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq). “Naxtel” MMC qeyd olunan tarixədək istifadə edilməmiş və silinmiş (sıfırlanmış) məbləğlərin geri qaytarılmasına və ya bu vəsaitlər üzrə hər hansı bir məbləğdə kompensasiya ödənilməsinə görə məsuliyyət daşımır və bu kimi tələblərdən imtina etmək hüququna malikdir”, – şirkət qeyd edib.