Marketlərdə, bazarlarda kartofun qiymətində kəskin bahalaşma müşahidə olunur. Yerli məhsul olduğu halda, bazarda süni bahalaşma baş alıb gedir. Kartofun dəyəri 5 manat və daha yuxarı, fərqli qiymətlərdə təqdim olunur, standart qiymət yoxdur. Bu da süni qiymət artımı kimi görünür.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova məsələyə aydınlıq gətirib.
İqtisadçının sözlərinə görə, kartof elə məhsuldur ki, biz illərlə yerli istehsalda daxili təlabatımızı qarşılaşmışıq. Çox az bir hissəsini ixrac etmişik. Lakin yerli istehsal hər zaman kifayət qədər olub. Son dövrlərdə, xüsusilə də 15 il ərzində kartofun qiymətində kəskin bahalaşma müşahidə edilir.
“Əslində qiymət artımı bir çox faktorla əlaqədardır. Dövlət qurumlarının nəzarət etməməsi, hava şəraitinə bağlı olaraq məhsuldarlığın az olması, tələb-təklif məsələləri, istehsal olunan məhsulun ixrac olunması və bununla da daxili bazarda qiymət artımına səbəb olan bir çox faktorlar var. Lakin, ən vacib 2 səbəbi göstərmək olar ki, dövlət qurumlarının bazara və marketlərə nəzarət etməməsidir. Çünki belə olan halda, azad bazar iqtisadiyyatı adı altında sahibkarlar və ya kəndlidən məhsul alan şəxslər məhsulun süni şəkildə qiymət artımına səbəb olurlar. Digər vacib səbəb isə məhsulu saxlamaq üçün anbarların olmamasıdır. Çünki məhsulu əkən kəndli bilmir ki, növbəti aylar üçün məhsulu harada saxlasın. Yaxud da saxlanma anbarları az olduğu üçün orada yer olmur.
Müəyyən iqlim dəyişiklikləri məhsulun istehsal həcmini azaltdı. Bununla belə, düşünürəm ki, əsas səbəb ixracla bağlıdır. Daxili təlabatı ödəməyən məhsulu xaricdə baha satmaq adı altında ölkədən çıxaran sahibkarlar da burada məsuliyyət daşımalıdır. Əgər bir məhsul daxili bazarı qarşılamırsa, xarici bazara ixrac edilməsinə icazə verilməməlidir. Xüsusilə İranda, müəyyən qurumların altında hər hansı bir yerli vətəndaş, və ya xarici ölkədən o məhsulu çıxara bilməz. Düşünürəm ki, bizdə də belə bir qadağa olsa daha yaxşı olar. Çünki, istər istehsal olunan məhsullar, istər onların ixrac və idxalı müəyyən statistik göstəricilər həm Dövlət Gömrük Komitəsində həm də Dövlət Statistika komitəsində statistik gösriciləri əks olunur. Hər hansısa bir məhsulun tələb və təkliflə əlaqədar və ya hava şəraitinə bağlı olaraq azalma varsa, təklif tələbi qarşılamırsa, bu da süni qiymət artımına səbəb olacaqsa, əvvəlcədən müdaxilə olunmalıdır ki, ixraca qadağa qoyulsun”.
Dəniz Pənahova