Azərbaycanda istilik sayğacları quraşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istilik sayğacları quraşdırılacaq.
 Azərbaycanda istilik sayğacları quraşdırılacaq.

TİA.AZ-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, icraçılardan ibarət işçi qrupun iclasında ilk olaraq “Azəristiliktəchizat” ASC-nin qarşısında əsasən 3 mühüm problemin durduğu bildirilib. Buraya büdcə təşkilatları üçün müəyyən olunmuş istilik təchizatına tələbat limitlərinin onların faktiki istehlakından çox aşağı olması, istilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə deyil, yaşayış sahəsinə tətbiq edilməsi nəticəsində subyektin iri həcmdə maliyyə itkiləri ilə üzləşməsi və istilik təchizatı tariflərinin həddən artıq aşağı olmaqla mövcud xərcləri qarşılaya bilməməsi məsələləri daxildir.

Büdcə təşkilatlarının istilik təchizatı üzrə faktiki istehlaklarının onlar üçün müəyyən olunmuş limitlərdən çox olduğunu isbat etməyin ən yaxşı yolu bu müəssisələr üçün istilik sayğaclarının quraşdırılmasıdır. İclas iştirakçıları istilik enerjisi tariflərinin yaşayış sahəsinə görə deyil, ümumi sahəyə tətbiq edilməsi ilə prinsipcə razılaşsalar da, Tarif (qiymət) Şurasının norma yaratmaq səlahiyyəti olmadığından, bu kimi məsələlər qanunvericilikdə öz əksini tapmalıdır. Bu baxımdan mövcud istilik təchizatı xidmətindən istifadə qaydaları layihəsinin daha da təkmilləşdirilərək aidiyyəti üzrə təqdim edilməsinin sürətləndirilməsi tövsiyə edilib.

Eyni zamanda qeyd edilib ki, istilik enerjisi üzrə təqdim olunan məlumatların təhlili istilik enerjisinin maya dəyəri ilə bağlı çəkilən xərclərin mövcud tariflərdən çox yüksək olduğunu göstərir. Bu baxımdan ya tariflər xərclərin səviyyəsinə çatdırılmalı, ya da xərclər optimal səviyyəyə qədər enməlidir ki, bunların da heç biri mövcud şəraitdə real görünmür.

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin görüləcək tədbirlər hissəsində istilik təchizatı xidməti sahəsində liberallaşdırma işlərinin nəzərdə tutulduğu və hazırda fərdi istilik təchizatı sistemlərinin, habelə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinə məxsus müasir qazanxanaların geniş yayıldığı əsas gətirilərək, istilik təchizatı xidmətinin artıq təbii inhisar meyarlarına uyğun gəlmədiyi bildirilib. Bu baxımdan istilik təchizatı xidmətinin tariflərinin dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst buraxılması, lakin birdən-birə kəskin tarif artımına gedilməməsi üçün aralıq dövrdə “Azəristiliktəchizat” ASC-nin dövlət tərəfindən subsidiyalaşdırılmasının davam etdirilməsi və bu müddət ərzində subyekt tərəfindən xərclərin optimal həddə qədər endirilməsi, tariflərin tədricən optimal xərcləri qarşılayacaq səviyyədə artırılması və dövlət subsidiyasının tədricən azaldılaraq tam aradan qaldırılması təklif edilib.

Büdcə təşkilatları üçün istilik sayğaclarının quraşdırılması ilə bağlı bildirilib ki, bu zaman sayğacların dövri olaraq kalibrlənməsi və təmiri üçün laboratoriyanın qurulması lazımdır ki, bu da müəyyən qədər maliyyə vəsaiti tələb edir. İstilik təchizatı xidmətindən istifadə qaydaları layihəsi istilik elektrik mərkəzlərində istehsal olunan istilik enerjisini də əhatə etdiyindən bununla bağlı müəyyən texniki məsələlərdən dolayı layihəni bəzi dövlət qurumları ilə razılaşdırmaq mümkün olmur. Lakin tövsiyə olunduğu kimi layihənin qısa müddətdə yalnız istehlakçılara göstərilən istilik təchizatı xidmətini əhatə edəcək miqyasda təkmilləşdirilərək təqdim ediləcəyi bildirilib. İstilik təchizatı tariflərinin liberallaşdırılmasına gəldikdə isə bunun qısa müddətdə reallaşdırılmasının çətin olduğu vurğulanmaqla, ilkin mərhələdə tariflərin Tarif (qiymət) Şurası tərəfindən qaldırılmasının, sonrakı mərhələlərdə isə tədricən liberallaşdırma işlərinin aparılmasının məqsədəuyğun olduğunu bildirilib.

Sonda məsələlərin həlli ilə bağlı tərəflər arasında aşağıdakı istiqamətlərdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib:

– ilkin mərhələdə pilot layihə kimi bəzi büdcə təşkilatlarında istilik sayğaclarının quraşdırılmasının təmin edilməsi, sonrakı mərhələlərdə isə ehtiyac yarandığı təqdirdə bütün bu tipli müəssisələrin sayğaclaşdırılması və müvafiq laboratoriyanın qurulması;

– istilik təchizatı xidmətindən istifadə qaydaları layihəsinin qısa müddətdə təkmilləşdirilərək rəy üçün təqdim edilməsi və istilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə tətbiq edilməsi məsələsinin bu layihədə öz əksini tapması;

– istilik təchizatı xidmətindən istifadə qaydaları təsdiq edildikdən sonra ilkin mərhələdə istilik təchizatı tariflərinin müəyyən qədər qaldırılması və xərclərin optimallaşdırma və liberallaşdırma işləri istiqamətində işlərə başlanılması.