İnkişaf etmiş, eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrdə futbol investorların həvəslə pul yatırdığı biznes növüdür.
Onlar tanınmış və peşəkar futbol klublarına investisiya qoyaraq böyük məbləğdə qazanc əldə edirlər, eyni zamanda, bu idman növünün inkişafına töhfə verirlər.
Azərbaycanda isə vəziyyət fərqlidir. “Qarabağ Futbol Klubu” MMC-ni çıxmaq şərtilə ölkədə, demək olar ki, heç bir futbol klubuna ciddi yatırım edilmir. Bir sözlə, futbol bizdə biznes deyil. Bəs bunun səbəbi nədir? “Report” bu suala cavab axtarıb.
Azərbaycan Premyer Liqasında çıxış edən, cari mövsüm ikinci pillədə qərarlaşan “Sumqayıt Futbol Klubu” MMC-nin baş məşqçisi Samir Abasov hesab edir ki, klublar biznes dairələrinin diqqətini cəlb etmək üçün Avropa arenasına çıxmalıdır: “Son illər “Qarabağ” Avropa arenasında uğurlu çıxış edir. Onların yanında 2-3 klub da olsa, bəlkə maraq yaranar. Bir sözlə, klublar Avropada sözünü deməlidir. Biz bütün işlərdə geridə qalırıq. Hazırda ikinci yerdəyik, yeni stadionumuz var, amma oyunlarımıza azarkeş yığa bilmirik. Hansı ki, azarkeşlər bizim stimulumuzdur. İnvestorları bura cəlb etmək üçün təkcə klubda yox, ölkədə də bəzi işlər görülməlidir”.
“Report”a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, “Neftçi” və “Keşlə” klublarının sabiq idman direktoru Ceyhun Sultanov deyir ki, investorların yatırım etməməsi başadüşüləndir:
“Azərbaycanda klubların durumu ürəkaçan deyil. Vəziyyətin düzəlməsi üçün külli miqdarda vəsait lazımdır. Səudiyyə Ərəbistanındakı kimi bu sahəyə milyonlarla pul ayırmaq lazımdır. O da inandırıcı deyil. Bizdə azarkeşlər stadionlara getmirlər. Futbol matçına bilet 1-2 manatdır. Hər oyuna ən çox 2 min azarkeş gəlir. Klub bilet satışından gəlir əldə etmir. Futbol yayımından cüzi miqdarda gəlir əldə edir ki, o da qənaətbəxş deyil. Klub futbolçu alıb-satmalıdır. İspaniyanın aşağı liqalarında oynayan 25 yaşlı futbolçu Azərbaycanda gəlib futbol oynamaz. Avropada klublar 1 milyona futbolçu alıb, onu 10 milyona satır. Bizdə bu mümkün deyil. Klubun gəliri belə şeylərdən çıxır. Xırda sponsorlar kluba gəlir gətirmir. Köklü sponsor olmalıdır. Hazırda heç bir klub özü-özünü maliyyələşdirə bilməz. Bu mümkün deyil”.
Pelikan Akademik Futbol İnstitutunun və II Liqada çıxış edən, hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şəfa Futbol Klubu” MMC-nin prezidenti Rəsul Allahverdiyev isə deyir ki, investorların klublara etibarı yoxdur: “Ölkədə ən populyar klub “Qarabağ”dır. Bu klubun bu günə gəlib çıxması üçün nə qədər vəsait xərclənib, əziyyət çəkilib. Səbrli olmaq lazımdır. Amma hamının səbri çatmır. Bundan əvvəl nə qədər klublar yarandı, nə qədər böyük şirkətlər onları himayə etdi, amma axırda onların səbri çatmadı. Klublar düzgün idarə olunmadı, milyonlar havaya sovruldu. İnvestorların gözü önündə bu praktika da var. “Qarabağ”dan başqa hansı klub zəmanət verə bilər ki, orada pul batmayacaq?”
Klub prezidenti hesab edir ki, futbol spesifik sahə olduğu üçün investorlar da futbol adamları olmalıdırlar: “Azərbaycanda futbol populyarlığını itirib. Brendin tanıtma qabiliyyətini inkişaf etdirmək lazımdır. Bununla bağlı xüsusi proqram olmalıdır. Əsasən Avropa təcrübəsinə baxılmalıdır. Əgər reklam bazarı, auditoriya varsa, məhsulunu reklam edib sata bilərsən. Klubların marketinq bölməsi burada çox iş görməlidir. Bu məsələlər daha qlobal şəkildə həll olunmalıdır. İndiki vəziyyətdə investorların futbola pul yatırmaması çox məntiqlidir”.
Onun sözlərinə görə, FIFA və UEFA klub idarəçilərinin ixtisaslaşması yönündə ciddi tələblər qoyub: “Lisenziyalaşdırma tələbləri, müvafiq kurslar var. Azərbaycanda futbolda peşəkar kadr çatışmazlığı müşahidə edilir. Klublar peşəkar futbol idarəçisi tapa bilmirlər. Belə problemlər varkən, klublara yatırım etmək çətin məsələdir. Ona görə də sahibkarları başa düşmək olur. Əvvəlcə dediyim problemləri həll etmək lazımdır”.
Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru olan İntiqam Səfərəliyev də deyir ki, futbol klublarına yatırım etmək maraqlı fəaliyyət deyil: “Klublar maliyyə hesabatlarını açıqlayıb təqdim etməlidirlər. İnvestisiya qoyulur ki, gəlir əldə olunsun. Yatırım olunan sahə haqqında məlumatlı olmaq lazımdır. Bu məsələ ilə bağlı mənə heç müraciət edən də olmayıb”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 10, I Liqada 10, II Liqada isə 14 klub çıxış edir.