Azərbaycanda dollar BAHALAŞACAQ?backend

Azərbaycanda dollar BAHALAŞACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər cəmiyyətin bütün təbəqələrini dolların bahalaşıb-bahalaşmayacağı daha çox maraqlandırır. Bəziləri bunun yaxın zamanlarda olacağını iddia etsə də, digər qism dəyərin stabil qalacağını, hətta müəyyən ucuzlaşmaların gedəcəyi fikrini irəli sürür.

Beynəlxalq bazarlardakı dəyişikliklər, neft qiymətlərindəki volatillik və qlobal iqtisadi tənəzzüllər hər an yeni ssenarilər ortaya çıxara bilər. Belə qeyri-müəyyənlik vəziyyətində, insanlar öz maliyyə vəziyyətlərini qorumaq üçün ən müxtəlif təkliflərə və məsləhətlərə qulaq asırlar.

Bəs yaxın zamanlarda dolların bahalaşma ehtimalı varmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu məsələnin ölkəmizdə nizamlanması fərqli yolla aparılır:

“Azərbaycanda valyuta kursları bazara görə nizamlanmır. Azərbaycanda bu proses bir sıra iqtisadi və hüquqi mexanizmlər vasitəsilə həyata keçirilir. Bu nizamlanmanın əsas məqsədi milli iqtisadi sabitliyi qorumaq, inflyasiyanı idarə etmək, xarici ticarət balansını tənzimləmək və ölkənin beynəlxalq maliyyə mövqeyini gücləndirməkdir. Valyuta nizamlanmasının əsasını isə Mərkəzi Bank və digər dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər təşkil edir”.

Natiq Cəfərli: Dolların məzənnəsi ilə bağlı müxtəlif fikirlər formalaşdırmaq olar

Dolların məzənnəsində “oynama”nın olub-olmayacağı ilə bağlı suala isə ekspert belə aydınlıq gətirib:

“Bu suala cavab vermək bir az çətindir. Lakin müəyyən fikirləri əsas götürsək, dolların məzənnəsi ilə bağlı fikir formalaşdırmaq olar. Azərbaycan iqtisadiyyatı böyük ölçüdə neft ixracına əsaslandığından, dünya bazarındakı neft qiymətləri manatın məzənnəsinə birbaşa təsir göstərir. Neftin qiyməti yüksəldikcə ölkəyə daxil olan xarici valyuta axını artır və manat möhkəmlənir. Əksinə, neft qiymətləri düşərsə, bu, ölkənin valyuta ehtiyatlarını azalda bilər və manatın zəifləməsinə gətirib çıxara bilər, nəticədə dolların məzənnəsi yüksələ bilər”.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün müxtəlif müdaxilələr edir:

“Mərkəzi Bank valyuta ehtiyatlarından istifadə edərək bazara təsir göstərir və manatın kursunu tənzimləyir. Əgər Mərkəzi Bank manatın sabitliyini qorumaq üçün kifayət qədər ehtiyatlara və resurslara malik olarsa, dolların kəskin bahalaşmasının qarşısı alına bilər. Ancaq ehtiyatların azalması və ya xarici təzyiqlərin artması dolların dəyərinin artmasına səbəb ola bilər. Həmçinin, dolların qlobal valyuta bazarlarında güclənməsi də Azərbaycandakı məzənnəyə təsir edir. Fikrimcə, məzənnədə müəyyən yüksəlmələr baş verəcək”.