Deputat Ramil Həsənin vəzifəsindən istefa verdiyi bildirilir.
Tribunainfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, parlamentin bugünkü iclasında bildirib.
O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib.
“Biz artıq 5 ildən biraz çoxdur ki, VI, VII çağırış Milli Məclisdə birlikdəyik. Mənim üçün böyük qürurdur ki, bu şərəfli məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Cənab Prezidentin və Sahibə xanım, sizin böyük etimadınız sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunmuşam. Fürsətdən istifadə edərək 12 iyunda namizədliyimin verilməsi və dəstəklənməyim üçün göstərmiş olduğunuz hərtərəfli köməyə görə təşəkkür edirəm. VI çağırışa başladığımızda zəfər qazanmamış parlamentin deputatıydıq. Mən qürur hissi keçirirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində artıq qalib gəlmiş parlamentin millət vəkili kimi bizim sıralarımızı tərk edəcəm. Harada işləmədiyimizdən asılı olmadan ölkəmizə və millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq”.
Qeyd edək ki, R.Həsən 1978-ci sentyabrın 23-də Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Krans Montana Forumunun qızıl medalı ilə təltif edilmişdir. İngilis və rus dillərini bilir.
1999–2001-ci illərdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə bələdiyyəsi sədrinin müavini olmuş, 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi, 2009–2013-cü illərdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA-nın) baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Gənclər və idman komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. İspaniya, İtaliya, Qətər, Moldova, Özbəkistan, Rumıniya, Serbiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Gülşən Rəsul