Kino sənayesi yarandığı gündən bəzi filmlər – seksual, dini, siyasi, ya da sosial səbəblərdən senzuraya və qadağalara məruz qalıb.
Dünya təcrübəsində xalqın mentaliteti və ya rejimlərlə bağlı olaraq müxtəlif filmlərin yayımının qadağan edilməsi halları mövcuddur. Azərbaycanda isə filmlərin yayımlanması üçün qadağalar yoxdur, ancaq rəsmi olaraq dövlət reyestrindən keçib, lisenziya almış filmlər nümayiş etdirilir.
“İnzibati xətalar məcəlləsində belə hallarla bağlı 2000 manat cərimə nəzərdə tutulub…”
Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin istehsalı və qeydiyyata alınması şöbəsinin sektor müdiri Aydın Hüseynov minval.info-a açıqlamasında, distributorlar tərəfindən nümayiş üçün gətirilən filmlərə 4 kateqoriya üzrə baxıldığını bidirib: “Pornoqrafiyanı, zorakılığı təbliğ edən, dini, irqi dözümsüzlüyə çağırışları olan, qanuni hakimiyyəti devirməyə səsləyən və subtitr olmayan xarici filmlər dövlət reyestri tərəfindən qeydiyyata alına bilməz. Əcnəbi filmlər ölkəyə distributorlar tərəfindən gətirilir, onlar xarici bazardan bizim tamaşaçılar üçün maraqlı olacaq, gəlir gətirəcək filmləri seçirlər. Normal distributor, əgər pul qazanmaq istəyirsə, zorakılıq və s elementlərin olduğu filmləri onsuz da gətirmir. Mədəniyyət və Turizm Nazirliyinin filmlərə qarşı heç bir qadağasından söhbət gedə bilməz. Sadəcə yaş məhdudiyyəti tətbiq edilir, erotik, intim səhnələr olan filmlər var ki, onlara “18+” etiketi qoyulur. Az yaşlı uşaqların onlar üçün nəzərdə tutulmayan filmlərin tamaşaçısı olub-olmamasına kinoteatrlar özü nəzarət edir. Nazirlik isə qeydiyyatından keçməyən filmlərin nümayişi ilə bağlı monitorinqlər aparır. İnzibati xətalar məcəlləsində belə hallarla bağlı 2000 manat cərimə nəzərdə tutulub, amma hələ ki belə bir hal qeydə alınmayıb”.
“Hansısa filmin Nazirlik tərəfindən qadağan edilməsi halı ilə qarşılaşmamışıq”
“Cinema Plus”-dan verilən məlumata görə, yalnız bir dəfə filmin yayımının dayandırılması halı baş verib: “Bu yaxınlarda subtitr ilə bağlı bir problem yaşandı. “Suyun şəkli” filmi subtitr olmadan gəlmişdi, təbii ki, biz subtitr yaza bilmərik. Ona görə də, bu filmin nümayişinə heç bir kinoteatrda icazə verilmədi. Bundan başqa isə, bir filmin Nazirlik tərəfindən qadağan edilməsi halı ilə qarşılaşmamışıq”.
“Nizami” kinoteatrının mətbuat xidmətinin rəhbəri Arzu Əhədova da, distributorların film seçimində qanunu nəzərə aldığını qeyd edib: “Film distributorları qanundan xəbərdardır və xarici filmləri nümayiş üçün satın alarkən, qanunda nəzərdə tutulmuş məqamlara diqqət yetirirlər, pornoqrafik və ya açıq şəkildə dövlət çevrilişinə çağırış edən filmləri kim gətirər ki?! Həm milli, həm də xarici filmlər nümayişi üçün rəsmi lisenziya alındıqdan sonra o film tamaşaçılar üçün açıq olur”.